Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı Universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Newscenter.az-a Mərkəzdən bildirilib ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən Özbəkistanın sözügedən Universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədi ilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.

Qeyd edək Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində aparılan Azərbaycan dili dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə gələcəkdə Özbəkistan Universitetlərində Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı, tarixi fənlərinin tədrisi də həyata keçiriləcəkdir.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş