Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sahəsində də etibarlı tərəfdaşdır

Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sahəsində də etibarlı tərəfdaşdır


"Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında ölkəmizin enerji siyasəti barədə mühüm məqamlara toxundu.

Dövlət başçımız bildirdi ki, Azərbaycan və Albaniya müxtəlif sahələrdə, həmçinin enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Onun sözlərinə görə, əməkdaşlığın yeni perspektivlərindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edir:

"Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.

Ölkə başçımız diqqətə çatdırdı ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək".

Deputat deyib ki, bu gün Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir:

"Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkətinin Abşeron layihəsinin səhmdarı olması da beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir.

Uzun illərdir ki, “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi".

Jalə Əhmədova qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerjiyə keçid prosesi, bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləri ilə əməkdaşlığımız, “Qara Dəniz Yaşıl Kabel” layihəsi, Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə fikirlərini bölüşdü.

Cənab Prezident çıxışında onu da vurğuladı ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim bu tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.

Süleyman
Xəbəri paylaş