Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibinin dayandırılması və onun Azərbaycana təhvil verilməsinin qərarlaşdırılması Bakı ilə İrəvan arasında etimad mühitinin möhkəmləndirilməsinə imkan verəcək.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, bu prosesin baş verməsində Azərbaycan və Ermənistan liderlərinin, eləcə də xarici işlər nazirlərinin Almaniya təmasları da mühüm rol oynayıb:
“Bu həm də Azərbaycan-Ermənistan danışıqlarında Almaniyanın vasitəçiliyinin müsbət nəticəliyindən xəbər verir”.
Qeyd edək ki, 2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.
Bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Mehman Mehdiyev