Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da dünya dövlətlərinin əksəriyyəti ilə iki tərəfli, çoxtərəfli münasibətləri genişləndirir. Bu münasibətlər son illərin ən qlobal problemlərindən biri olan Yaşıl Enerji ilə bağlıdır. Azərbaycan bu istiqamətdə də təşəbbüskarlıq, icraçılıq missiyalarını uğurla, bəşəri ideallara sədaqətlə davam etdirir.
Mart ayının 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. Belə bir miqyaslı və əhəmiyyətli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi.
Ölkə başçısı çıxışında Azərbaycanla Albaniya arasında münasibətlərin daha da genişləndiyini bildirərək qeyd etdi ki, bu iki ölkə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoq var. Bu dialoq ikitərəfli münasibətlərin həm şaxələnməsində, həm də məzmun baxımından zənginləşməsində olduqca əhəmiyyətlidir, Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynayır.
Azərbaycan təbii ehtiyatlarla zəngin öıkədir. Bu baxımdan Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsi təbiidir. Belə ki, bu bəşəri dövlət Avropa ölkələrinin qaz ehtiyacının böyük bir hissəsini ödəyir. Bu məqamla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”.
Belə tədbirlərdə həm də gələcək faəliyyətin istiqamətləri göstərilir. Azərbaycan bütün müqavilələrdə həmişə öncüllərdən olub və onun müəyyənləşdirdiyi iqtisadi tezis özünü həmişə doğruldub. Buna görə də iqtisadi əməkdalıq edən dövlətlər həmişə onun təkliflərini qəbul edir. Azərbaycan Respublikasının Prezidenti bu çıxışında da fəaliyyətin mahiyyəti haqqında perspektivlərdən söz açdı: “Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də bildirdi ki, “Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı təkcə iqtisadi əlaqələrin möhkəmlənməsinin deyil, həm də siyasi əlaqələrin genişləndiyinin təsdiqidir. İqtisadi əlaqələr siyasi əlaqələri də möhkəməndirir
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı