Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Puç olmuş arzular

Puç olmuş arzular


Sovetlərdən miras qalan doqquz mərtəbəli binanın zirzəmisində əlləri əsə-əsə çətinliklə də olsa damarını taparaq iynəni qoluna yeridə bilir. Bir neçə dəqiqə keçmədən sanki səhərdən çiyinlərində olan “yük”, “ağrı-acı”nı unudur, yüngülləşir. O anda özünü dünyanın ən xoşbəxti sanır. Axı, onu hər şeydən, insanlıqdan, kişilikdən salan, ailədən uzaqlaşdıran narkotiki bədəninə yeridənə qədər nə zülm çəkmiş, kimlərə yalvarmış, kimlərə əl açıb pul istəmişdi. Bütün bu məhrumiyyətlərin qarşısında onu əldə etmək və ani olaraq bədənindəki ağrı-acılardan qurtulmaq təbii ki, onun üçün "xoşbəxtlik" idi.

Necə ki, 10 il əvvəl xoşbəxt olduğu günlərdəki kimi. Dostlarının əhatəsinə düşüb narkotikə aludə olana qədər. 10 il əvvəl ailəsi, Bakının mərkəzində evi, yenicə dil açan qız övladı ilə özünü dünyanın ən xoşbəxti sayan Elman, indi özü də bilmədən dünyanın ən bədbəxti olubdur. Çünki ailəsini narkotik aludəçisi olan dostlarına, isti yuvasını köhnə yaşayış binasının zirzəmisinə "dəyişmişdi". Bəlkə də başına gələcəkləri bilsəydi bu yolu tutmazdı. Bəlkə də zamanında həyat yoldaşının “Onlardan çalış uzaq dur, az-az görüş. Sağlam adama oxşamırlar” sözlərini qulaqardına vurmayıb, ona əməl etsəydi indi bu duruma düşməzdi.

Hər şey o gecədən dəyişməyə başladı. Dostlarından birinin toyundan çıxan Elman, digər dostları ilə müntəzəm olaraq görüşdükləri üçüncü bir dostunun evinə gedirlər. Spirtli içkinin təsirindən başı dumanlı olan Elman onların təkidi ilə həyatını puç edən, gələcəyinə balta çalan narkotikin ilk dəfə "dadına" baxır. Zaman keçdikcə orqanizmində ona olan tələbatın artması Elmanı aktiv istifadəçiyə çevirir. Artııq narkotikdən əvvəlki, istədiyi həzzi almadığı üçün daha təsirli vasitələr barədə düşünür. Bu dəfə də onun “dadına” elə “dostu” çatır. Hansı ki, o da Elman kimi eyni həyatı yaşayırdı.

Narkotikanın aktiv istifadəçisinə çevrilən Elmanın həyatını puç edən bu əməli barədə artıq ailəsində də xəbərdar idilər. Ağ ölümə mübtəla olana qədər hər gün işdən çıxıb evinə getməyə tələsən, qapıda qarşısına qaçan kiçik qızcığazı üçün müxtəlif hədiyyələr alan Elman indi tamamilə dəyişmişdi, başqa biri olmuşdu. İndi o, isti yuvasına günün gec saatlarında, bəzən gecə 1-də 2-də üz tuturdu. O da narkotikin təsiri altında. İşlədiyi yerdən aldığı aylıq məvacibini də artıq evə, ailəsinə deyil, narkotikə xərcləyirdi. Hər gün evə narkotik təsiri altında gələn Elman heç bir səbəb olmadan evdə dava salır, bir vaxtlar telinə toz qondurmayan, Məcnun kimi sevən həyat yoldaşına fiziki güc göstərir, təhqir belə edirdi.
Elmanın narkotik aludəçisi olmasından çalışdığı müəssisədə də xəbərdar idilər və çox keçmədən o, işindən də oldu. Gündəlik narkotik tələbatını ödəmək, onu almaq üçün lazım olan pulu əldə etmək üçün həyat yoldaşına ailə həyatı quran zaman aldığı qızılları belə satmaq kimi ən aşağılıq addımı atırdı Elman. Təbii ki, belə bir vəziyyətdə xoşbəxt ailədən, onun davamlılığından söhbət belə gedə bilməzdi.

Beləliklə, “dostu”nun sayəsində narkomana çevrilən Elmanın ailəsi də dağıldı. Halbuki məktəb yaşı yaxınlaşan qızının “Ata, mən məktəbə gedəndə hər gün məni sən apararsan. Mənə çoxlu rəngli karandaşlar alarsan şəkil çəkmək üçün” istəyini yerinə yetirməli idi. Ancaq narkotik təkcə Elmanın ailəsini dağıtmadı. Həmçinin, qızcığazın arzularını da puç etdi. Elə Elmanın özünün də. Narkotikə qurşanana qədər sanki günlərini sayır, qızının məktəbə gedəcəyi günü səbrsizliklə gözləyirdi ki, həm onun, həm də öz arzusunu yerinə yetirsin.

Bütün bunları, yaşadığı acıları gözünün qarşısına gətirən Elman damarlarına narkotiki vurduqdan sonra bir dənə də siqaret yandırıb dərindən ah çəkir. Siqaret tüstüsünün yaratdığı həlqənin içərisində keçmişi, ailəsini, kiçik yaşlı qızını görürmüş kimi iztirab çəkir, özünü qınayırdı. Ancaq artıq hər şey gec idi. Elman siqaret tüstüsünün həlqəsində son dəfə görürdü ailəsini, qızını. Çünki bu dəfə istifadə etdiyi narkotik həddən artıq təsirli gücə malik idi və bəşəriyyətin bəlasına çevrilən narkotik bir çoxları kimi Elmanın da gözlərini əbədi yummasına səbəb oldu. Nə özünün, nə də qızının arzularını gerçəkləşdirə bilmədən.


Süleyman İsmayılbəyli
Xəbəri paylaş