"Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanunun təsdiqlənməsi dövlətin, şəxsən dövlət başçısının bu həssas təbəqədən olan insanlara diqqət və qayğısının bariz nümunəsidir".
Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai Birlik sədri deyib ki, bir çox hallarda özəl universitetlərə qəbul olunan şəhid övladları, onların ailə üzvləri təhsil haqqlarını ödəməkdə çətinlik çəkir, bəzi hallarda isə ya təhsillərini yarımçıq qoyur, ya da bankdan kredit götürmıək məcburiyyətində qalırdılar:
"Şəxsən bizə də bu vaxta qədər bir neçə belə müraciət daxil olmuşdu. Artıq şəhid ailə üzvləri üçün dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu problem də həllini tapmış oldu".
Susana Məmmədova bildirib ki, dövlət hər zaman şəhid ailələri, qazilər, həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşır, onların bu və ya digər problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Nərgiz Əzizova