Bü günlərdə dünya ictimaiyyəti, ekoaktivistlər Ümumdünya ətraf mühitin mühafizəsi gününü böyük coşqu ilə qeyd edirlər. Ümumiyyətlə bu günün qeyd olunması əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyindən irəli gəlib və 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.
Eyni zamanda, Baş Assambleyanın həmin sessiyasında BMT sistemində yeni təşkilat — BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Azərbaycan da öz növbəsində ətrah mühit problemlərinin həlli istiqamətində UNEP-lə yaxından əməkdaşlıq edir. Təsadüfi deyil ki, 2010-cu ildə Ümumdünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün məhz Bakı şəhəri mərkəz şəhərlərdən biri olaraq seçilib.
Qeyd edim ki, keçən müddət ərzində UNEP Azərbaycan hökuməti ilə yanaşı olaraq, Heydər Əliyev Fondu ilə də yaxından əməkdaşlıq etmiş, birgə layihələrin həyata keçirilməsinə nail olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi Leyla xanım Əliyeva UNEP-in həm mərkəzi, həm də regional ofislərində bir sıra görüşlər keçirərək ümumbəşəri ekoloji problemlərin həlli istiqamətində müzakirələr aparıb.
Bu gün gördüyümüz ondan ibarətdir ki, qlobal ictimaiyyət yalnız xüsusi günlərdə deyil, artıq hər gün ətraf mühitin təmiz saxlanılması və qorunması istiqamətində əməli işlər həyata keçirir. Dünyada cərəyan edən transformasiya prosesləri, eləcə də nəzərəçarpan hadisələr birbaşa olaraq ekoloji mühitin pozulması və iqlim dəyişikliyi fonunda baş verirlər. Bu proses özü-özlüyündə məsul dünya dövlətləri tərəfindən ciddi addımlar atılmasını, ortaya daha aydın mövqe qoyulmasını diktə edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il təşkil olunan COP tədbirlərində biz bu istiqamətdə görülən işləri müşahidə edirik.
Bu il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar Azərbaycanın, Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara hər zaman həssaslıq nümayiş etdirdiyinin, bu sahədə bütün ölkələrin maraqlarına, mənafelərinə cavab verən tədbirlərin həyata keçirilməsində göstərdiyi dəstəyin əyani sübutudur.
Əsrlərdir Azərbaycan xalqının təbii sərvəti olan neft və qaz bu gün alternativ “yaşıl” enerjinin əldə olunmasında mühüm bir vasitə olaraq, ümumilikdə Azərbaycan hökumətinin enerji siyasətinin formalaşdırmasına, bütün xalqların rifahına və dayanıqlı inkişafına töhfə verməkdədir. Prezident İlham Əliyevin səsləndirdiyi kimi, “Biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq.”
Bu məcrada, 04-06 iyun 2024-cü il tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri keçirildi və dünyanın ən qabaqcıl, ambisioz ölkələrinin təmsilçiləri burada iştirak edirdilər.
Həftənin ən diqqətəlayiq məqamlarından biri isə Amerika Birşləmiş Ştatlarının, Türkiyə Cümhuriyyətinin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropa İttifaqının rəhbərliyinin bu tədbirə xüsusi diqqət yetirməsi və həmin ölkə liderləri tərəfindən Azərbaycan Prezidentinin şəxsinə, o cümlədən bütün tədbir iştirakçılarına edilən xoş müraciətlər idi.
Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, COP29-un əsas məqsədi kimlərin günahkar olduğunu müəyyən etmək deyil, planetimizin inkişafına töhfə verə biləcək yanaşmaların mexanizmə çevrilməsidir. Məhz həmin mexanizm az inkişaf etmiş, bu sahədə geridə olan dövlətlərin ətraf mühitin qorunması, eləcə də iqlim dəyişikliyi ilə mübarizə prosesində iştirakçılıqlarını təmin etmək, qəbul olunmuş qərarların icrasına nail olmaq yollarını ortaya qoyacaqdır.
Bu gün Azərbaycan 120 ölkənin birləşdiyi, BMT-dən sonra dünyada ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd ilə yaxın sədrliyi dövründə nümayiş etdirdiyi əzmkarlığını COP29-un keçirilməsində də göstərəcək və qarşıda duran vəzifələrə nail olmaq üçün səylərini əsirgəməyəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı