Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləkidə dayanacaq verilir

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləkidə dayanacaq verilir


Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb.

Həmçinin sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq.

Newscenter.az xəbər verir ki, bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək.

Məlumat üçün bildirək ki, yeni istismara verilmiş FLIRT markalı birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.

Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər.

Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur.

Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.

Ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimuma endirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmiz enerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir.

Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlara kağız biletlərin satışının dayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.

Qeyd edək ki, son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur. ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.

Xatırladaq ki, 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur.

Süleyman
Xəbəri paylaş