“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir.
Newscenter.az xəbər verir ki, layihə çərçivəsində iyunun 12-də Nərimanov rayonu, 93 saylı məktəbdə 70 nəfərə yaxın şagirdin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Görüşü giriş sözü ilə açan məktəbin direktoru Xalidə İbrahimova tədbirin çox aktual bir mövzuya həsr olunduğunu diqqətə çatdırıb və hər birimizin sağlam qidalanmaya əməl etməsinin vacibliyini vurğulayıb. Xalidə İbrahimova müntəzəm olaraq rəhbərlik etdiyi təhsil müəssisəində bu tipli tədbirlərin, görüşlərin keçirildiyini də diqqətə çatdırıb.
“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin məqsədi məktəblərdə şagirdləri qida təhlükəsizliyi barədə maairfləndirmək, onlarda sağlam qidalanmanın zəruriliyi barədə bilgi formalaşdırmaqdır:
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin müddəti 3 aydır. Cari il, mayin 1-dən start götürən layihə iyulun 31-dək davam edəcək. Layihə çərçivəsində paytaxt Bakı şəhərindəki təhsil müəssisələrində 3 tədbirin keçirilməsi nəzərdə tutulub. Bu gün növbəti tədbirimizi keçiririk”.
Süleyman İsmayılbəyli deyib ki, layihə çərçivəsində həmçinin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı bukletlər çap edilib və keçirilən tədbirlərdə həmin materiallar məktəblilərə paylanılır.
Daha sonra çıxış edən təlimçi Ruhiyyə Mehdiyeva qida təhlükəsizliyinin vacibliyi, qidalanma zamanı diqqət edilməli olan əsas xüsusiyyətlər barədə danışıb. Bildirib ki, qida təhlükəsizliyi həm istehsalçıları, həm də istehlakçıları yaxından maraqlandıran və təsir edən qlobal problemdir:
“Çünki bu gün bir çox qida yoluxucu xəstəliklərin qida təhlükəsizliyinin təmin edilə bilməyəcəyi uyğun olmayan şəraitdə istehsal olunan məhsullardan qaynaqlandığını görürük. Qida məhsulları insan sağlamlığına təsir etməyəcək və ekoloji problemlər yaratmayacaq mühitlərdə əldə edilməli, emal olunmalı və qorunmalıdır”.
Daha sonra çıxış edən sağlam qidalanma üzrə ekspert, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova qidalanma zamanı diqqət edilməli olan məqamlardan danışıb. Bildirib ki, təhlükəsiz qida hər cür xarab və çirklənmə faktorlarından təmizlənmiş, insan sağlamlığına zərər verməyəcək şəkildə istehlaka yararlı hala gətirilən qidadır. Məhsəti Hüseynova deyib ki, sağlam qidalanma ilk növbədə təmizlikdən, gigiyena qaydalarına əməl etməkdən başlayır. Onun sözlərinə görə, bəzən əllərin təmiz yuyulmaması, gigiyena qaydalarına əməl edilməməsi qəbul etdiyimiz qidanın təmizliyinə əks təsir göstərə bilər.
Ekspert market və dükanlardan ərzaq alarkən mal qonşuluğu prinsipinə diqqət etməyin vacibliyini vurğulayıb. Bildirib ki, əksər marketlərdə malların vitrinı, yaxud soyuducuya qoyulması zamanı mal qonşuluğu prinnsipinə əməl edilmir. Bu da öz növbəsində sağlam qidalanmaya öz mənfi təsirini göstərir.
Ekspert deyib ki, qida təhlükəsizliyinə insanları bakteriya, göbələklər, parazitlər və viruslar kimi mikroblar tərəfindən törədilən qida yoluxucu xəstəliklərdən qorumaq üçün qidaların düzgün emalı, bişirilməsi və konservasiyası aiddir. Buna görə də, düzgün qida qəbulu təcrübələri bu gün qida ilə əlaqəli xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Daha sonra çıxış edən digər ekspert, Qida Təhlükəsizliyi Hərəkatını həmtəsisçisi, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib ki, təhlükəsiz qida hər cür xarab və çirklənmə faktorlarından təmizlənərək istehlaka yararlı hala salınmış, sağlamlığa heç bir zərəri olmayan, qida dəyərini itirməyən qidadır:
“Təhlükəsiz qida saxlama müddəti ərzində heç bir fiziki, kimyəvi və ya bioloji risk daşımır. Onu daşıyırsa, deyə bilmərik ki, qida onun istehlakçısı üçün təhlükəsizdir”.
Bildirib ki, istənilən qida məhsulu sağlamlığa zərər verəcək üç əsas riskdən azad olmalıdır. Bunlar fiziki risklər, kimyəvi risklər və mikrobioloji risklərdir.
Tədbirin gedişi əsnasında iştirakçılara maarifləndirici xarakter daşıyan bukletlər paylanıb, sonda iştirakçılar üçün çay süfrəsi açılıb.
Nərgiz Əzizova