Fransa bizi beynəlxalq aləmdən təcrid etməyə çalışır. Biz Azərbaycanın qlobal gücünə güvənərək ondan kömək istəyirik.
Newscenter.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında "Qvadelupe Milli Alyansı" təşkilatının beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Patrik Tasita (Patrick Tacita) deyib.
P.Tasita bildirib ki, Qvadelupanın əhalisi dörd əsrdir Fransanın əsarəti altında yaşayır və ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən təzyiqlərə məruz qalır: "Təşkilatımız Qvadelupe adasının müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən bir siyasi təşkilatıdır və bu təşkilat adanın müstəqilliyi uğrunda mübarizə aparır. Qvadelupedə vəziyyət çox ağırdır. Çünki çoxları buranın Fransa ərazisi olduğunu düşünür. Amma bizim torpağımız müstəmləkəçilik başlayandan bu yana əziyyət çəkir. Bizim torpağımız müstəmləkəçiliyə məruz qalan ərazilərin bütün xüsusiyyətlərini özündə daşıyır. Biz heç nə istehsal etmirik, istehsal olunan bir şey olsa belə, o, bizi müstəmləkə altında saxlayan ölkəyə, yəni Fransaya gedir. Ölkəmizdə inkişaf yoxdur. Beynəlxalq ictimaiyyətdən gözləntimiz var, biz öz problemimizi, mübarizəmizi dünyaya çatdırmaq istəyirik. Çünki Fransa bizi beynəlxalq aləmdən təcrid etməyə çalışır".
Təşkilat nümayəndəsi deyib ki, artıq tam suveren ölkə olmaq üçün xalq bütün imkanlardan istifadə etməyə çalışır: "Bir maraqlı faktı sizinlə bölüşmək istərdim. Fransa bir ölkə olaraq 300 min kvadratkilometrlik müstəsna iqtisadi zonaya malikdir, yəni bu rəqəm milyon deyil, mindir. Təkcə bizim Qvadelupenin ərazisi 500 min kvadratkilometrdir ki, bu da Fransanın ərazisindən böyükdür. Beləliklə, Fransa başqa ölkələrin torpaqlarını oğurlayaraq dünya dövlətinə çevrilib. Bu gün ərazi bütövlüyünə görə, birinci yerdə ABŞ - 11 milyon kvadratkilometr, ikinci yerdə Fransa - 10 milyon kvadratkilometr, üçüncü yerdə Avstraliya - 9 milyon kvadratkilometr - müəyyən olunub. Fransa indiki qüdrətinə bizim torpaqlarımız sayəsində çatıb. Müstəmləkə altında olan əraziləri nəzərə almasaq, Fransa kiçik bir ölkədir və dünya bunu bilməlidir. Bu gün başqalarının ərazilərini zəbt edən Fransa dünyada ikinci yerdədir, ancaq, əslində, bu yer 100-cü olmalı idi. Ərazilərin görünən hissəsi deyil, həm də sualtı hissəsi çox vacibdir. Bizim çox böyük resurslarımız var və buna görə də Fransa ərazimizi tərk etmək istəmir. Biz Azərbaycanın qlobal gücünə güvənərək sizdən kömək istəyirik. Dünya sizi tanıyır və sizin vasitənizlə bütün dünyanın bizim problemimizdən xəbərdar olmasını istəyirik. Biz çalışırıq ki, digər ölkələr kimi müstəqil olaq, digər bütöv ölkələrin siyahısına düşək. Bu, bizim üçün çox vacibdir".