Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün qəhrəmanlarımızın günüdür

Bu gün qəhrəmanlarımızın günüdür


Tariximizin şanlı səhifələri çoxdur. İndi 106-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunun yaranma günü də çağdaş tariximizin ən parlaq səhifələrindən biridir. Həmin gün müsəlman Şərqində, Türk dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qərarı ilə milli ordu quruculuğunun ilk addımları atıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu Korpusun yaradılması Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi. Bununla bərabər, milli hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də ordu generalı Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.

Beləliklə, 1918-ci ilin iyunun 26-sı tariximizə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi düşdü. 106 il əvvəl qurucu babalarımız 90 illik müstəmləkə dövrünə son qoyaraq, öz ordu ənənələrimizi yenidən bərpa etdilər və bu torpaqlarda bizim yaşamaq hüququmuzun hərbi zəmanətini yaratdılar. Milli Ordumuz milli varlığımızın qarantına çevrildi. Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordumuz 1918-ci il sentyabrın 15-də Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Habelə Qazaxda, Qarabağda Azərbaycana qarşı azğınlıq edən erməni nizami ordu hissələri Milli Ordumuz tərəfindən darmadağın edildi. 1919-cu il mayın 28-də isə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə möhtəşəm hərbi parad keçirildi. Bu hərbi paradı qəbul edən general Səməd Mehmandarov gənc Azərbaycan Ordusunun əsgərlərini salamlayaraq, onları Vətənimizin müstəqilliyi günü münasibətilə təbrik etmişdi.

Lakin çox təəssüf ki, dövrün mürəkkəb tarixi şəraiti və siyasi təlatümləri Cümhuriyyətimiz ilə bərabər Ordumuzun da mövcudluğuna yenə son qoydu. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra, bolşevik hökuməti Milli Ordumuzu da ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi. Azərbaycan xalqı 70 il bolşevik-sovet sisteminin məngənəsi altında yaşamalı oldu. Ancaq qan yaddaşımızı, ordu ənənələrimizi qoruyub saxlaya bildik. Belə ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müstəqilliyimizin bərpasından sonra inkişaf etdirilməyə başlanıldı. Xüsusən də Ulu Öndərimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ilin 18 oktyabrında nail olsa da, lakin müstəqilliyin ilk illərində vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidi yox etməyə qadir peşəkar ordunun yaradılması bəlli səbəblərdən mümkün olmadı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra bu sahədəki pərakəndəliyə və xaosa son qoymaq, güclü ordunun yaradılması işinə başlamaq mümkün oldu.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsininə çalışırdı. O, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi üçün əlindən gələni edirdi. Ulu Öndər həmçinin 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində müstəsna rolu vardır. Heydər Əliyevin dəstəyilə sovet dövründə müxtəlif ali hərbi məktəbləri bitirmiş Azərbaycan hərbçiləri istər Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.
Onu da qeyd etməliyik ki, məhz milli ordu quruculuğu işinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı Fərmana əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu və hər il qeyd olunmağa başlandı. O, bu addımı Azərbaycan Ordusunun nmənəvi-psixoloji ruh yüksəkliyini artırmaq, əsgər və zabitlərimizi gələcək qələbələrə hazırlamaq üçün atmışdı. Ulu Öndərin böyük uzaqgörənliklə başlatdığı müstəqil Azərbaycanın ordu quruculuğu prosesini onun layiqli davamçısı, Prezident İlham Əliyev sonrakı illərdə uğurla davam etdirdi. İlham Əliyevin hakimiyyətə gəlişi ilə ordu quruculuğu işi tamamilə yeni mərhələyə qədəm qoydu. Prezidentin 2020-ci ilin 27 sentyabrına qədər gördüyü ardıcıl və məqsədyönlü işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

Məhz bunun nəticəsidir ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk 50 ordu sırasında yer aldı. Və məhz bu siyasətin nəticəsidir ki, 4 il əvvəl qəhrəman hərbçilərimiz torpaqlarımızı işğaldan azad etdilər, lokal antiterror əməliyyatı zamanı isə separatçıları iti qovan kimi qovaraq suverenliyimizin tam bərpasına nail oldular. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ermənipərəst dünya güclərinin (xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin) məkrli planlarını pozaraq Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə həm ata vəsiyyətini müvəffəqiyyətlə yerinə yetirdi, həm də Azərbaycan Ordusunun tarixi qəhrəmanlıq ənənələrini bərpa etdi. O, son 200 il ərzində reallaşması əlçatmaz xəyal kimi görünən ən böyük tarixi nailiyyətlərimizdən birinə imza atdı, torpaq itkilərimizə son qoydu, soyqırımları və işğallara son qoydu, xalqımızı məğlubluq durumundan çıxardı, qalib xalqa çevirdi və ən əsası isə, şərin – separatçılığın kökünü kəsdi. Bu, onun tarix və gələcək nəsillər qarşısında həqiqətən də misilsiz xidmətidir.

Ərazi bütövlüyümüzün bərpası ilə İlham Əliyev özünün ən böyük tarixi missiyasına imza atdı. Onun müdrik sərkərdəliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq həsrətinə son qoyaraq, müasir dövrümüzün ən böyük Zəfərinə nail oldu. Silahlı Qüvvələrimiz və könüllü döyüşçülərimiz həm 44 günlük savaş zamanı, həm də lokal antiterror əməliyyatının gedişində döyüş meydanlarında əsl qəhrəmanlıq nümayiş etdirdilər. Şəhidlərimiz öz qanları ilə yeni Zəfər tariximizi yazdılar. Qalib Lider-Qalib Ordu-Qalib Xalq birliyi ən yeni tariximizin danılmaz gerçəkliyinə çevrildi, Şuşada və Xankəndidə üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı. Və budur, bu gün biz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı ilk Silahlı Qüvvələr Günümüzü qeyd edirik. Bu, doğrudan da böyük tarixi nailiyyətdir.

Bəli, Milli Ordumuzun çox şərəfli bir tarixi var. Qəhrəmanlıqları cild-cild kitablara sığmayan şəhidlərimiz və qazilərimiz 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı zamanı Ordumuzun döyüş salnaməsini daha da zənginləşdirdilər. 1918-ci ilin 15 sentyabrında Bakını işğaldan azad edən ilk hərbçilərimiz də, 2020-ci ilin 8 noyabrında Şuşanı işğaldan azad edən qorxubilməz Xüsusi Təyinatlılarımız da, 2023-cü ilin 19-20 sentyabrında Xankəndini separatizmin caynağından xilas edən qəhrəman əsgər və zabitlərimiz də bizim qürurumuzdur, bizim and yerimizdir. Biz bütün qəhrəmanlarımızla fəxr edirik, qürur duyuruq. Prezident İlham Əliyevin Azərbaycanın cəsur övladı Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalaması isə bu əziz bayram günündə qürur hisslərimizi daha da gücləndirdi. Bu, bir daha onu göstərdi ki, öz qanı, canı hesabına yurdumuzu qoruyan, bayrağımızı uca tutan heç bir qəhrəmanımız unudulmur.

Bu gün qəhrəmanlarımızın günüdür. Torpaqlarımızı işğalçılardan azad edən, suverenliyimizin bərpasına nail olan, Qarabağda və Şərqi Zəngəzurda bayrağımızı ucaldan, keçmiş məcburi köçkünlərimizin öz yurdlarının qayıdışının yolunu açan, bir sözlə, “Qarabağ Azərbaycandır!” həqiqətinin bütün dünyaya qəbul etdirilməsində əməyi keçən hər kəsi - Ali Baş Komandanımızdan tutmuş sıravi əsgərlərimizə qədər hamını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bayramın mübarək, Azərbaycan Ordusu!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş