Heydər Əliyev Beynəlxalq Aeroportunda iyunun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Newscenter.az-ın məlumatına görə, tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir.
“C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.