Avropa ilə əlaqələrdən məhrum olmuş Rusiya bazarına sahib 0lmaq uğrunda Çinlə Hindistan arasında demək olar ki, mübarizə gedir. Bu günlərdə Hindistanın baş nazirinin Moskvaya səfəri də bundan xəbər verir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərinə xeyli müddətdir hazırlıq gedirdi:
"Səfər Hindistanda parlament seçkilərinə görə təxirə salınmışdı. Modi seçkidə qələbə qazanaraq üçüncü dəfə baş nazir olduqdan sonra Kreml ona dəvəti təkrarladı. Modi sonuncu dəfə Rusiyada 2019-cu ildə olmuşdu. Əslində keçmişdə belə bir razılıq olub ki, iki ölkənin lideri ildə bir dəfə görüşüb fikir mübadiləsi aparsınlar. Ancaq müxtəlif səbəblərdən tərəflər buna riayət edə bilməyiblər. Misal üçün Rusiya Hindistanın rəqibi Çinlə daha tez-tez ortaq sammitlər keçirir. Buna baxmayaraq, Kreml Çinlə yanaşı Hindistanla təırəfdaşlığı da arxa plana atmaq istəmir".
O bildirib ki. Narendra Modi ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığına baxmayaraq, Rusiya ilə münasibətləri də üst səviyyədə saxlamağa çalışır. Dehli Qərbin formalaşdırdığı anti-Rusiya blokuna qoşulmayıb:
"Eyni ilə Dehlinin Kremllə əməkdaşlığı Qərbə qarşı yönəlməyib. Dehli bunun əvəzinə Qərbi ölkələrinin bölgədə Çini durdurmaq üçün formalaşdırdığı birliklərə qoşulub. Misal üçün Dehli son vaxtlar Tokio ilə tərəfdaşlığı gücləndirib. Yaponiya Çinin hərbi dəniz donanmasının onun sahillərinə yaxınlaşmasından narahatdır. İki ölkənin müxtəlif adalarla bağlı mübahisələri davam edir. Dehli Pekinlə rəqabət içərisindədir. Vaşnqton bu səbəbdən Dehli ilə ələqaləri gücləndirib. ABŞ Nümayəndələr Palatasından rəhbərliyinin bir müddət əvvəl Dehliyə səfəri və Hindistanda yaşayan Dalay Lama ilə görüşləri də bundan xəbər verir.
Dehlini Rusiyanın siyasəti ilə bağlı bir məsələ ciddi narahat edir. Rusiyanın Ukrayna savaşına zorla göndərdikləri içərisində Hindistan vətəndaşları da var. Bu Dehlini ciddi narahat edir. Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu mövzunu müzakirə edib. Putin ordudakı hindlilərin geri çağrılacacağını Modiyə vəd edib. Sanksiyalarla üzləşən Rusiya Hindistanla iqtisadi-ticarət əməkdaşlığını genişləndirməyə çalışır. “The Guardian” qəzetinin yazdığına görə, Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Nəticədə ticarət əlqələrində Rusiyanın xeyrinə 60 milyard dollarlıq disbalans yaranıb. Çünki Rusiya Hindistandan elə çox məhsul almır. Dehlinin Kremlin siyasətindən başqa narazılığı da var. Dehli hesab edir ki, Ukrayna müharibəsinə görə, Kreml balansı Çinin xeyrinə pozub və bu ölkə ilə daha da yaxınlaşıb. Hər halda Narendra Modinin Vladimir Putinlə görüşü və apardığı müzakirələr bir sıra suallara aydınlıq gətirməlidir. Rusiyanın Kursk şəhərində yaşayan hind əsilli Rusiya vətəndaşı Abhay Kumar Singh hakim Vahid Rusiya Partiyasının üzvüdür. Kursk şəhər sovetinin üzvü olan Kumar da hesab edir ki, Narendra Modinin Putinlə danışıqları iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa təkan verəcək".
Politoloq deyib ki, Narendra Modi Vladimir Putinlə ortaq layihələri də müzakirə edib:
"Bunlar biri şimal-cənub nəqliyyat dəhlizidir. Dehli bir müddət əvvəl Tehranla İranın Çabahar limanının idarəçiliyi ilə bağlı razılıq əldə etmişdi. Hindistan Çinə alternativ nəqliyyat dəhlizinə üstünlük verir. Hindistan məhsullarının İran və Cənubi Qafqaz üzərindən Avropaya daşınması aktuallaşıb. Bu məsələdə Kremli maraqlandıran Hindistanın sonrakı mərhələdə hansı marşrutu seçəcəyidir. Hindistan məhsulları İrandan sonra Azərbaycan və ya Ermənistan üzərindən Gürcüstan limanları üzərindən, ya da Rusiya üzərindən Avropaya daşınmalıdır. Kreml Dehlini inandırmağa çalışır ki, məhz Rusiya marşrutu seçilsin.
Ukrayna müharibəsinə görə Rusiya Qərb texnologiyalarından yararlana bilmir. Hindistan isə informasiya-texnologiyaları sahəsində güclü mütəxəssislərə malik ölkədir. Hindistanda süni intellekt üzərində çalışmalar genişlənib. Hindistan şirkətləri çip istehsalına da böyük əhəmiyyət verirlər. Rusiya bu texnologiyalarda maraqlıdır.
Modinin Rusiyadan son bir sıra Qərb ölkələrinə səfərləri nəzərdə tutulub. Bu ölkələrdən biri də Avstriyadır. Hindistanın Avstriyadakı səfiri Şambhu Kumaran deyib ki, baş nazir Narendra Modinin Vyanaya səfəri Hind-Avstriya münasibətlərinə çox lazım olan dinamizm və təkan verəcək. Modinin Avstriyaya qarşıdakı səfəri 41 ildə ilk səfər olacaq, sonuncu səfəri keçmiş baş nazir İndira Qandi 1983-cü ildə edib".
Anar Əliyev