Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası iyulun 5-də Quba, Qusar və Siyəzən rayonlarında yerləşən dini ibadət yerlərinin ətrafında davam etdirilib.
Newscenter.az xəbər verir ki, Komitə əməkdaşları, din xadimləri, eləcə də dini icma nümayəndələrinin iştirak etdikləri yaşıllaşdırma aksiyasında sözügedən rayonlardakı dini ibadət evlərinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.
Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.