Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft hasilatı stabilləşibmi?

Neft hasilatı stabilləşibmi?


"Bu ilin ilk yarısında neft-qaz sektorunda 0.6 faiz artım qeydə alınıb. Bütövlükdə, həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qeyri neft-qaz sektorunda 6,9 faiz artım qeydə alınıb.

Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft istehsalının artması deyil, qaz hasilatının artması hesabına mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 4.9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, yenə də sənaye məhsulunun 65.0 faizi mədənçıxarma sektorunun payına düşür:

"Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir".

Süleyman
Xəbəri paylaş