"Azərbaycan mətbuatı dövlətin diqqət və qayğısı ilə əhatələnib. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dövləti mediamızın daha da inkişafı, onun həqiqətən də dördüncü hakimiyyət kimi fəaliyyət göstərməsində maraqlıdır və bu istiqamətdə üzərinə düşən bütün addımları atır".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin Milli Mətbuatın 149-cu ildönümü ilə bağlı açıqlamasımda yer alıb. Açıqlamada qeyd edilir ki, dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin nəşr olunması ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı ötən illər ərzində çətin və şərəfli bir yol keçib.
"Sevindirici haldır ki, bu gün mətbuatımızın ciddi çətinlikləri, problemləri arxada qalıb. Bu gün Azərbaycan mətbuatı təkcə regionun deyil, eləcə də dünyanın aparıcı media qurumları kimi öz sözünü deyir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı aparılan informasiya savaşına mətbuatımızın ciddi dirəniş göstərməsi və ölkəmizə qarşı hücumların qarşısının alınmasında mühüm rol oynaması fonunda bunun əyani şahidi olduq"-, deyə bildirilir.
Nərgiz Əzizova