BMT Baş katibi Antonio Quterreş avqustun 13-də Nyu Yorkda Kipr münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüş keçirməyi planlaşdırır. O, bu məqsədlə Kipr Prezidenti Nikos Xristodulides və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatara dəvət göndərib. Xristodulides dəvəti qəbul etsə də, Ərsin Tatar geri çevirib.
Antonio Quterreşin Kipr münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüş təşkil etməsi diqqət çəkir. Ümumiyyətlə, bu təşəbbüs gecikmiş və qeyri-effektivdir. Məsələ ondadır ki, Kipr münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə bənzər təşəbbüslər irəli sürülüb.
Problemin federativ əsas həlli məsələsi son olaraq 2017-ci ildə Krans-Montana danışıqlarında müzakirə olundu, lakin nəticəsiz qaldı. Şimali Kipr buna görə daha danışıqlarda maraqlı deyil.
Lakin türk tərəfindən fərqli olaraq yunan tərəfi görüşün keçirilməsində maraqlıdır. Təbii ki, buna səbəb Avropa İttifaqının (Aİ) üzvü olan Kiprin daha üstün olmasıdır. Həmçinin onlar beynəlxalq dəstək almağı da bacarıblar.
Kipr məsələsinin nizamlanması münaqişələrin klassik həll modelində mümkün deyil. Yəni adanın Unitar və ya federal birləşməsi çətin ki, baş tutsun. Türk və yunan tərəfləri siyasi görüş fərqinə görə bir arada yaşaya bilməzlər. Bundan başqa ŞKTR-nin müstəqilliyinin tanınması üçün də kifayət qədər imkanlar var. Xüsusilə Türk Dövlətləri Təşkiları (TDT) ölkələrinin tədbirlərində Ersin Tatar da iştirak edir və burada Şimali Kiprin dövlət başçısı olaraq görülür.
Eyni zamanda Şimali Kiprin referendum ilə Türkiyəyə birləşmək qərarı da gündəmdədir. Amma bunun baş tutması o qədər də real görünmür. Çünki bu nə yunan tərəfinin, nə də Ankaranın qəbul etməsi mümkün deyil.
Hesab edirəm ki, Kipr münaqişəsinin həlli çox daha fərqli bir yolla mümkün ola bilər. Söhbət adada yeni konfederativ bir dövlətin qurulmasından gedir. Hansı ki, bunu Bosniya və İsveçrə dövlət modellərinin qarışığı kimi də başa düşmək olar.
Antonio Quterreş Kipr münaqişəsini nizamlamaq istəyirsə, yeni təkliflər irəli sürməlidir. Əks təqdirdə münaqişə həll olunmayacaq, hətta yaxın gələcəkdə vəziyyət yenidən gərginləşəcək. Çünki hazırda məsələnin hərbi yolla həlli tendensiyası sürətlə yayılır.
Turan Rzayev-politoloq