Qazaxıstan və Tacikistan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müqaviləyə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Tacikistana səfəri zamanı imza atılıb.
Danışıqların yekunu olaraq Kasım-Jomart Tokayev və Emoməli Rəhmon Qazaxıstan Respublikası ilə Tacikistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqaviləni təntənəli şəkildə imzalayıblar.
Bundan əlavə, Qazaxıstan Prezidentinin Tacikistana dövlət səfəri çərçivəsində Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Tacikistan Respublikasının Mərkəzi Seçki və Referendum Komissiyası arasında anlaşma memorandumu, Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ilə Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında sənaye əməkdaşlığı haqqında Memorandumu, Qazaxıstan Respublikasının Energetika Nazirliyi və Tacikistan Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında neft və qaz sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatının innovativ və rəqəmsal inkişafı, kadrların hazırlanması və yenidən hazırlanması sahəsində anlaşma memorandumu, Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi ilə Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiyalar və Rəqəmsal Texnologiyalar Agentliyi arasında anlaşma və əməkdaşlıq memorandumu da imzalanan sənədlər arasında yer alıb.
Mehman Mehdiyev