Pakistan İslam Respublikasının İslamabad şəhərində bu ölkənin Milli Elm və Texnologiya Universitetinin və (METU) Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)” adlı beynəlxalq müsabiqənin yekun mərhələsi keçirilib.
Newscenter.az xəbər verir ki, FICS Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. Müsabiqədə təqdim olunan bütün layihələrin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olmasına diqqət yetirilir.
Tədbirdə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev müsabiqənin qlobal çağırışlarla bağlı innovativ həllərin yaradılmasındakı rolu barədə danışıb. Rektor müsabiqədə Azərbaycan, Türkiyə və Pakistan universitetlərinin komandalarının iştirakının üç qardaş ölkənin əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, beynəlxalq müsabiqənin qalibi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası seçilib. AzTU komandası isə “sosial yönümlü ən innovativ ideya” nominasiyasının qalibi olub.
Ruhiyyə Mehdiyeva