İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmiş daha 16 KOB subyektinin müraciətinə baxıb.
Newscenter.az agentliyə istinadən xəbər verir ki, onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər Şurasının rəyinə əsasən qərar qəbul edilib.
Bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 174-ə çatıb.
“Startap” şəhadətnamələri "Seaya" MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, "Eurasia Group" MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, “Qbit Technologies” MMC-nin əmlak alqı-satqı və xidmət platforması, "Printfable" MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması, “Eventa” MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı üçün onlayn platforması, “Billing Pro” MMC-nin borcların hesablanması və yığımı üçün onlayn platforması, “Avtomend” MMC-nin avtomobil parklarının idarə edilməsi üçün onlayn platforması, "Metanoia" MMC-nin dini maarifləndirmə, halal məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq, Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi (carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.
Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Süleyman