Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə ustad dərslərinin keçirilməsi” adlı tədbir təşkil edib. Tədbirdə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər iştirak edib.
Newscenter.az-ın xəbərinə görə, dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması kimi, məşğulluğunun təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. İşğaldan azad edilən ərazilərin yenidənqurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğuna dəstək olur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərini daim diqqət mərkəzində saxlayır, müsbət həlli üçün tapşırıqlar verir.
Dövlət Komitəsi də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həll olunmasına dəstək verir. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir.
Tədbirdə öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən iştirakçılara dərzi, bərbər, aşpaz və digər sahələrə aid ustad dərsləri keçirilib.
Tədbirdə iştirak edən keçmiş məcburi köçkünlər onlara göstərilən dəstəyə görə təşəkkür edib. Tezliklə doğma yurdlarına qayıdıb, öyrəndikləri peşə bacarıqlarını orada quracaqları mikrobiznes sahələrində tətbiq edəcəklərini bildiriblər.
Süleyman