Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

UNESCO Ermənistana missiya göndərərsə, həmin torpaqların azərbaycanlılara məxsus olduğu mütləq isbat ediləcək

UNESCO Ermənistana missiya göndərərsə, həmin torpaqların azərbaycanlılara məxsus olduğu mütləq isbat ediləcək


Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyasından 36 il ötür. 1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan zorla qovulub. Qərbi Azərbaycana qayıdış soydaşlarımızın təbii hüququdur. Qayıdış Konsepsiyasında da bu hüquq fundamental şəkildə əsaslandırılır. Tarixi ədalətin bərpası üçün bu, təmin olunmalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, son illər azərbaycanlıların tarixi yurdlarına qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edildiyini təsdiqləyir.

“Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə də beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. Qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair faktlar müzakirəyə çıxarılır. Ermənistanın qarşısında Qərbi Azərbaycan strategiyasına əsaslanan tələblər qaldırılır. Bu ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin təmin edilməsi beynəlxalq müstəvidə gündəmə gətirilir”, - deyə K.Nurullayeva qeyd edib.

Deputat Ermənistanın ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə imkan vermədiyini də təəssüflə diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan faktaraşdırıcı missiyanın fəaliyyətinin real nəticələr ortaya çıxaracağından qorxduğu üçün buna getmir.

K.Nurullayeva vurğulayıb ki, UNESCO Ermənistana missiya göndərərsə, həmin torpaqların azərbaycanlılara məxsus olduğu mütləq isbat ediləcək.

Soydaşlarımızın öz doğma evlərinə qayıdışı ilə bağlı beynəlxalq səviyyədə hüquqi əsasların yaradılmaqda olduğunu diqqətə çatdıran deputat deyib: “Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans da bu baxımdan vacib müzakirə platformasıdır. Əlli bir ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi konfransda Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə bir daha beynəlxalq ictimaiyyətin diqqəti cəlb olundu, qayıdış hüququmuzun təmin edilməsi, ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparılır”.

Onun fikrincə, bu platforma vasitəsilə bir daha Qərbi azərbaycanlıların doğma torpaqlara sülh yolu ilə qayıtmaq məqsədinə sadiqlik bəyan olunur.

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir”, - deyə Könül Nurullayeva vurğulayıb.(azertac)
Xəbəri paylaş