Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd bəy Ağaoğlu: məfkurə mücahidi

Əhməd bəy Ağaoğlu: məfkurə mücahidi

 
Böyük tarixi şəxsiyyətlər xalqın bu günü ilə yaşamır, xalqın sabahları ilə yaşayır, xalqın sabahlarını düşünür, onun müstəqilliyinin, dövlətçiliyinin mübarizlərindən olur, bu mübarizənin nəzəri əsaslarını da hazırlayır, istiqamətlərini də müəyyənləşdirir, onun hərəkətverici qüvvələrinin vəzifələrini də. Ötən əsrdə xalqımızın belə siyasi mücahidlərindən biri görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əhməd bəy Ağaoğlu oldu.

Əhməd bəy Pənahəli xanın nəslinə mənsub ziyalıdır. 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşada rus məktəbində təhsil almişdı, Tiflis gimnaziyasını bitirmişdi, Peterburq Mühəndiz-Texniki İnstitutunda oxumuşdu, buranı bitirmədən Parisə getmişdi. Böyük niyyətlərlə yaşayırdı Əhməd bəy. Bilirdi ki, böyük niyyətlərin gerçəkləşməsi üçün böyük təhsil gərəkdir. Parisdə hüquq məktəbini, sonra Sorbonna Universitetini bitirdi. Fəlsəfəyə marağı vardı, bu maraq ötəri maraq deyildi, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına aid tədqiqatlarını yekunlaşdırdı, ilk elmi məqaləsini yazdı...

Əhməd bəy Ağaoğlunun ömrünün Avropa illəri onun məfkurəvi düşüncələrinin formalaşmasında mühüm rol oynadı. Bu, vətənsevərliyin nəticəsi idi. Böyük ürək sahibləri üçün bir gerçəklik var: Vətən. Əhməd bəy Ağaoğlu 1894-cü ildə Vətənə qayıtdı. Bilirdi ki, cəmiyyətin düşüncələrini mətbuat (qəzet) formalaşdıra bilər, qəzet dünyagörüşün genişlənməsində başlıca rol oynaya bilər. Bu qənaətə əsaslanaraq Azərbaycan dilində  “Məşriq” qəzeti çıxarmaq istədi, hökumət onun istəyini gerçəkləşdirməyə imkan vermədi. 1896-cı ildə Şuşaya qayıtdı. Realnı məktəbdə frasız dilindən dərs dedi. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya qayıtdi, realnı məktəbdə fransız dili müəllimi işlədi, «Kaspi» qəzeti ilə əməkdaşlıq etdi, 1898-1907-ci illərdə qəzetin ədəbi şöbəsinin müdiri oldu...
1906-cı il fevralın 20-də Qafqaz canişininin Tiflisdə çağırdığı «barışdırıcı qurultay»da Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə Bakı şəhərinin ali sosial təbəqələrinin nümayəndəsi kimi iştirak etdi, Azərbaycanın proqramını bildirdi. Bu, milli mücadilənin təşkilatçılarından biri olmaq idi və bu mücadilə Azərbaycanın sabahlarında mübarizəaparma metodologiyası kimi öyrəniləcəkdi. Əməd bəy Ağaoğlu qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün «Daşnaksutyun» partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, belə olmasa Azərbaycana da müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb etdi, təkzibedilməz faktlarla milli qırğınlara səbəb olan erməni liderlərini susdurdu.

Əhməd bəy Ağaoğlu Azərbaycan xalqının hüquqlarnı qorumaq üçün 1906-cı ildə «Difai» partiyasını yaratdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getdi, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib olmasına mane olmağa çalışdı...

Əhməd bəy Ağaoğlu milli mübarizə mücahidlərindən idi. Azərbaycan Demokratik Respublikası onun ideallarının dövləti idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdi. 1918-ci ildə general Tomsonla danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibində Ənzəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində o da vardı, lakin İstanbulda “türk jurnalisti və Türkiyə parlamentinin deputatı“ kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, “İttihad və tərəqqi“ partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunmuşdu. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdiriləndə Əhməd bəy də 26 aylıq sürgündən sonra, 1921-ci il mayın 28-də İstanbula qayıtmışdı, yenidən milli hərəkata qoşulmuşdu, qurtuluş savaşının fəal iştirakçılarından olmuşdu. 20-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilən Əhməd bəy Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, “Hakimiyyəti-milliyyə“ qəzetinin redaktoru olmuşdur...

“Sərbəst insanlar ölkəsində”, “Hüquq tarixi”, “Dövlət və fərd”, “Mən nəyəm?”,  “İran və inqilabı”, “İxtilalmı, inqilabmı?”, “Müsəlman dünyasının avropalaşması manifesti”, “Üç mədəniyyət” və s. kimi dəyərli əsərlərin müəllifi olan Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat edib.

Azərbaycanın məkfurə, mübarizə tarixində bir ad-soyad da əbədiyyən anılacaq: Əhməd bəy Ağaoğlu...
 
Səbinə XASAYEVA.
Milli Məclisin deputatı
Xəbəri paylaş