Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib

Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib


Dekabrın 6-da Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın və özəl sektorun bu inkişafda rolu müzakirə edilib.

Dövlət-özəl dialoqu platformasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, cənab Prezident İlham Əliyevin 5 noyabr 2024-cü il Sərəncamı ilə Naxçıvanda Sənaye Parkının yaradılmasının özəl sektorun inkişafı üçün daha bir dövlət dəstəyi olduğunu bildirib. O, Dövlət-özəl dialoqu və qarşılıqlı əlaqələrin yaradılması istiqamətində atılan addımlar fonunda bu tədbirin əhəmiyyətli rolu olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov cari ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında faktiki vergi daxilolmalarının ilk dəfə olaraq 200 milyon manatı ötdüyünü açıqlayıb. Bu göstəricinin müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çox olduğunu vurğulayıb.

Nazir müavini qeyd edib ki, vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci illə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz artıb.

Bununla yanaşı, 2024-cü ilin 11 ayında məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları isə 16,7 faiz artıb. Aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21 374-ə çatıb. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA-ların sayı 70,4 dəfə, aktiv POS-terminalların sayı isə 4,7 dəfə artıb.

Abbas İsmayılovun sözlərinə görə, dövlət əmlakının idarə olunmasında da müsbət nəticələr əldə olunub. Yeni bağlanmış icarə müqavilələrinin sayı 44 faiz azalsa da, icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb. Özəlləşdirmədən daxilolmalar 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb.

Bundan başqa, cari ilin 11 ayında 16,6 milyon manat güzəştli kreditin geri qaytarılması təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Problemli kreditlərin geri qaytarılması isə 10,5 milyon manat təşkil edib və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb.

Dövlət vergi Xidmətinin Departament müdiri Nicat İmanovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb. Bu paket Muxtar Respublikada qeydiyyata alınan və orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacaq.

N.İmanov bildirib ki, biznes subyektlərinin vergi yükünün azaldılması, iri həcmli vergi güzəştlərinin verilməsi, real sektorun vergi dərəcələrinin sıfırlanması, 10 il müddətinə vergidən azad edilməsi təşəbbüsləri vardır.
Bütövlükdə əsas məqsəd, Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yaranacaq vergi ödəyicilərinə vergi güzəştləri təqdim etməklə, onlar üçün əlverişli biznes mühiti təmin etməkdir.

O, layihənin nazirlər Kabinetinə təqdim olunduğunu və gələn ildən qüvvəyə minəcəyini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvanda iqtisadiyyatın və biznes mühitinin inkişafı ilə bağlı təşəbbüslərin artmasında və dövlət-özəl dialoqunun inkişafında xüsusi roluna görə həm Prezidentin Xüsusi Nümayəndəliyinə – cənab Fuad Nəcəfliyə, həm də Vüqar Abbasovun rəhbərliyində Naxçıvan Sahibkarlar Konfederasiyasına təşəkkürünü bildirib. Yeni güzəşt paketinin Naxçıvanda sahibkarlığın və biznesin inkişafına yeni bir təkan verəcəyini vurğulayıb.

Sonra sahibkarların sualları və təklifləri əsasında geniş müzakirələr keçirilib.

Süleyman
Xəbəri paylaş