Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel həqiqəti başa düşmək üçün çox vaxt itirməməlidir

Brüssel həqiqəti başa düşmək üçün çox vaxt itirməməlidir


"Azərbaycan çoxşaxəli, çevik xarici siyasət yürüdür. Ölkəmizin xarici siyasətində aparıcı vektorlardan birini də məhz Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir. Bunu zəruri edən bir sıra geosiyasi və geoiqtisadi amilləri vardır. Başlıca amil isə Azərbaycanın ticarət tərəfdaşları arasında Avropa İttifaqının xüsusi, həlledici yer tutması ilə bağlıdır. Belə ki, hazırda 53 milyard dollarlıq xarici ticarət dövriyyəmizin təxminən yarısına qədəri Avropa İttifaqının payına düşür. Bununla yanaşı, Azərbaycan Aİ-nin üzvü olan 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri qurub".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərin inkişafına həqiqətən də böyük önəm verir. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu artıq çoxdan təsdiqləyib:

"Çünki biz Avropa İttifaqı ilə qarşılıqlı, faydalı və bərabərhüquqlu əsaslarla münasibətlərin qorunub saxlanması və inkişafında maraqlıyıq. Bu da danılmaz faktdır ki, bizim bir çox istiqamətlərdə münasibətlərimizin çox geniş perspektivləri var. Təsadüfi deyil ki, bu yaxınlarda Prezident İlham Əliyev də Avropa Komissiyasının yenidən sədri seçilməsi münasibətilə Ursula Fon der Lyayenə və Avropa İttifaqı Şurasının prezidenti seçilməsi ilə əlaqədar Antonio Koştaya ünvanladığı təbrik məktublarında məhz bu məqama toxunaraq bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında həm siyasi dialoq, həm ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi, yaşıl enerji, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf tempinə malikdir və onun çox geniş perspektivləri var.

Münasibətlərin çoxşaxəli zəmində inkişafı sözsüz ki, hər iki tərəfin strateji maraqlarına xidmət edir. Onu da qeyd etməliyik ki, Azərbaycan Aİ ilə hər zaman bərabərhqüuqlu tərəfdaşlıq münasibətlərinə üstünlük verib və öz üzərinə düşən öhdəliklərini də birmənalı olaraq vaxtında və vicdanla yerinə yetirib. Öz növbəsində ölkəmiz də Avropa İttifaqından analoji yanaşmanın sərgilənəcəyinə ümid bəsləyir. Çünki bərabərhüquqlu tərəfdaşlığın prinsipləri və fəlsəfəsi bunu tələb edir. Ancaq əfsuslar olsun ki, biz qarşı tərəfin davranışlarında çox zaman ikili standartları müşahidə edirik".

Komitə sədri deyib ki, xüsusən də Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti tərəfdaşlıq prinsipləri ilə kəskin ziddiyət təşkil edir. Avropa Parlamentində vaxtaşırı olaraq Azərbaycana qarşı əsassız ittihamlarla dolu bəyanatların, erməni lobbisinin maraqlarına xidmət edən qətnamələrin qəbul edilməsi əməkdaşlıq münasibətlərimizə zərbə vurur. Bu da onu göstərir ki, Avropa İttifaqı və Avropa Parlamenti müstəqil siyasət yürütmür. Hər iki qurumun xarici siyasətinin formalaşdırılmasında Makron Fransası həlledici rol oynayır. Makronun qatı anti-Azərbaycan mövqeyi isə heç kim üçün sirr deyil:

"Lakin Avropa İttifaqı Parisdən asılılığına tezliklə son qoymalıdır. Çünki Makronun uğursuz siyasəti Fransa ilə yanaşı, Avropa İttifaqını da iflasa doğru sürükləyir. Ona görə də Avropa İttifaqı öz xarici siyasət doktrinasına yenidən nəzər yetirməli və tərəfdaşları ilə, xüsusən də Azərbaycanla münasibətlərini sahmana salmalıdır. Azərbaycan ikili standartlar tətbiq olunacaq ölkə deyil. Biz qarşılıqlı maraqlara əsaslanan dürüst və səmərəli münasibətlərin tərəfdarıyıq. Avropa İttifaqı Makronsayağı isterik və emosional siyasət yox, rasional siyasət yürütməlidir. Azərbaycan kimi etibarlı tərəfdaşla şəffaf münasibətlərin qurulması ilk növbədə Avropa İttifaqının özü üçün faydalıdır. Brüssel bu adi həqiqəti başa düşmək üçün çoxlu vaxt itirməməlidir".

Süleyman
Xəbəri paylaş