"Ermənistanın üzvülüyə qəbul olunmaq üçün Avropa Birliyinə müraciət etməsi, ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalaması qərbpərəst Paşinyana qarşı Moskvanın fəallığını artırıb. Son günlər Rusiyanın Ermənistan rəhbərliyinə qarşı açıq ritorikası münasibətlərin kəskinləşən xətt üzrə inkişafını göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib.
O deyib ki, Rusiya rəsmiləri Ermənistan iqtidarını ittiham və şantaj etməkdən çəkinmir:
"Prezident Putin də Yeni il münasibətilə Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanı təbrik etmişdi. Bu Paşinyana qarşı açıq təhdid idi. İndi isə Paşinyanın Qərbə yaxınlaşmağa yönəlmiş addımları Rusiyanın səbrini daşırır. Buna görə də son vaxtlar Rusiyanın himayəsində olan erməni mediası Paşinyanın istefaya gedəcəyi ilə bağlı məlumatlar yayır. Bunlar təbii ki, ictimai rəyə təsirdən başqa bir şey deyil. Cəmiyyətin iqtidara etimadının azaldılması üçün qurulan kampaniyalardan biridir. Paşinyan Ermənistanın gələcək taleyinin Qərblə bağlı olduğunu bəyan edir. Onun MDB və Rusiyaya münasibəti də bəllidir. Qərb isə hazırda Cənubi Qafqazda əsaa tərəfdaşı olan Paşinyanı qorumaqda davam edəcək".
Süleyman