"Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı iqtisadi nəticələrlə yanaşı, siyasi baxımdan da ölkəmizin beynəlxalq arenada nüfuzunun artması, mövqeyinin güclənməsi üçün əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, dünyada gedən qlobal bölgü prosesində yaranan iqtisadi imkanlardan Azərbaycan maksimal dərəcədə yararlanır:
"Sözsüz ki, dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyi ən vacib prioritet məsələ kimi gündəmdədir. Bu ilin yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasından sonra, Azərbaycan ən çox ehtiyac olan tərəfə çevrilib. Azərbaycandan, Xəzəryanı bölgədən enerji daşıyıcılarının ötürülməsi, Avropada qaz krizinini aradan qaldırılması üçün ən optimal variant qəbul edilir".
Vüqar Dadaçov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Davosda görüşlərinin sıxlığı özü özlüyündə deyilənlərə sübutdur:
"Digər tərəfdən də siyasi baxımdan, Türkiyənin özünün qaz ehtiyatları kəşf etməsi, onun ixracını planlaşdırdığı və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra, dünyanın enerji təhlükəsizliyi birmənalı döyüş meydanında həll edilir. Azərbaycanın Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbəsi, qlobal dünya bölgüsündə Azərbaycanı orta güc kimi, söz sahibinə çevirib.
Dünya İqtisadi Forumunda Azərbaycan prezidentinin mövqeyi dünyanın iqtisadi və siyasi mənzərəsinə əhəmiyyətli təsir edir və bu forumun özünün də Azərbaycanın öz milli və strateji maraqlarının, eləcə də regionla bağlı hədəflərinin icrası üçün bir vasitə kimi, çox faydalıdır".
Anar Əliyev