Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixdə ilk: Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına start verildi

Tarixdə ilk: Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına start verildi


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.

Qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.

İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq.

Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır.

Newscenter.az ADY-yə istinadən bildirir ki, növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur.

Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.

ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

Süleyman
Xəbəri paylaş