
"Dünyada qaydalar sürətlə dəyişir. Yeni sistemin qurulması istiqamətində addımlar atılır və beynəlxalq normalar, hüquq öz əhəmiyyətini itirir. Güclü gücsüz üzərində hökmranlıq etmək "haqqı"" qazanır. Tramp və Putin arasında telefon görüşməsində əldə olunan razılaşmalar və Ukrayna hökumətinə qarşı ABŞ-ın sərgilədiyi davranış deməyə əsas verir ki, müttəfiqlik falan sadəcə ədəbiyyatdır və reallıqda isə heç kimə inanmamaq lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, bu, son illər xüsusilə də Qərb siyasətində daha çox təşəkkür tapmaqdadır:
"Əslində isə bu siyasət, Rusiya siyasi mətbəxinə aiddir. Belə ki, Qərb Rusiyanı demokratikləşdirə bilmədi, amma Putinin atdığı addımlar, Qərbi dəyişə bildi".
Ekspert deyib ki, ABŞ, Rusiya ilə atəşkəs əldə etmək üçün danışıqlar prosesinə start verib:
"Konkret olaraq, Rusiya ilə siyasi bazarlığa oturmağa hazırlaşan ABŞ, bu istiqamətdə yaxın gələcəkdə Səudiyyə Ərəbistanında daha da aktiv şəkildə danışıqlar prosesini davam etdirmək, yəni telefon görüşməsini irəli aparmaq niyyətindədir. Əslində bütün bunlar normal haldır, amma nədənsə Ukrayna xalqı və onları təmsil edən Ukrayna hökuməti bu danışıqlar prosesində kənarda qaldı. Ehtimal edirəm ki, proseslərin belə istiqamətdə aparılması, Rusiya prezidenti Vladimir Putinin istəyi ilə bağlı olub. ABŞ isə sadəcə olaraq maraqlarını təmin etməyə çalışır".
Anar Əliyev