
"Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə iki günlük rəsmi səfəri başa çatıb. Bildiyimiz kimi Somali İslam Konfransı Təşkilatının üzvüdür və hər zaman Azərbaycana qarşı münasibəti dostluq və etimada əsaslanan münasibət olub. Somali və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birinə dəstək verən ölkələrdir".
Bu fikirləri Newscenter.az-a deyən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, Somalinin tarixinə nəzər salsaq görərik ki, Avropanın zülmü və işğalından çox əziyyət görüb və ölkə daxildəki müharibələrdən macal tapmayıb:
"Bütün bunlara baxmayaraq Somali bu gün ayaqdadır və inkişaf yolundadır. Somali Azərbaycan üçün bir dost ölkədir. Somali çətin dönəmləri atlatmış və gələcəyini Türkiyə və Azərbaycan burliyində müəyyən etmiş və bu istiqamətdə siyasət yürüdən Şərqi Afrika ölkəsidir. Əlbətdə ki, Somali yeraltı və yerüstü zəngin sərvətləri və resursları ilə gələcəkdə daha böyük yerlərə gələcək. Məhz bu istiqamətdə Türkiyə və Azərbaycanın təcrübəsindən istifadə ediləcək".
Ekspert deyib ki, ölkəmizdə səfərdə olan Somali prezidenti Hasan Şeyx Mahmud və İlham Əliyev arasında görüş zamanı, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub və Azərbaycan dövləti yaxın gələcəkdə Somali Federativ Respublikasına bir çox sahələrdə, xüsusilə də infrastruktur və limanların inşası sahəsində sərmayə qoyuluşunu həyata keçirməyə hazırlaşır:
"Sözsüz ki, bu əlaqələrin iki ölkə arasında istər siyasi istərsə də iqtisadi inkişaf baxımından əhəmiyyətli olacağına inanırıq. Zaman dəyişdikcə uzaq Afrika və Şərq ölkələrində hər kəsin Türkiyə deməsi, qardaş Türkiyəni öz ölkəsində görmək istəməsi və bu istiqamətdə Azərbaycanın da yer alması, yeni çağın başlanmasına səbəb olacaq".
Anar Əliyev