
Dünya inkişaf etdikcə idarəetmə mürəkkəbləşir, çətinləşir, amma bu bir prosesdir və qarşısını almaq mümkün deyil. Son zamanlar dünya siyasətində, o cümlədən Qafqazda baş verən hadisələrə münasibət bildirənləri, analiz edənləri, təkliflər təqdim edənləri neçə gündür diqqətlə izləyirəm. Təəssüf ki, bəzi siyasilər – həm bizdə, həm də kənarda – hadisələri real qiymətləndirməyi bacarmırlar. Bunun iki səbəbi var: ya baş verən hadisələr sürətlə cərəyan edir və bu, həmin siyasilərin düşüncə tərzinə uyğun gəlmir, bunların o sürət həddinə baş verən hadisələrin qiymətləndirilməsi hədləri üçün deyil, digər səbəb də ümumiyyətlə siyasətdən xəbərləri yoxdur.
Hadisələrin episentrində olan, bütün incəlikləri ilə hər şeyi bilən və uzun illər bu siyasəti yürüdərək indiki mərhələyə uğurla başa vuran insanlara guya “təkliflər vermək” həqiqətən gülməlidir. Rusiya ilə münasibətlərə dair təklif verənlər, Ermənistanla danışıqların istiqamətini göstərməyə çalışanlar, Fransa ilə yaranan gərginliyə görə sevincək “mən belə deyirdim, olsun” söyləyənlər, İranla qonşuluq siyasətinin İranı sevənlərin bir mövqeyini sevməyənlərin başqa bir mövqeyini ortaya qoyanlar– siz həqiqətən özünüzü siyasətçi və ya siyasi xadim adlandırırsınız? Əsla belə deyil! İndiyə qədər boş yerə vaxt sərf etmisiniz, ziyanın yarısından qayıtmaq isə xeyirlidir – gedin özünüzə iş tapın.
Siz anlamırsınız ki, dövlətlərarası münasibətlərdə iştirak etmirsiniz, həmin münasibətlərin detallarını və incəliyə bilmirsiniz. Amma bu münasibətlərin zərərlərini, ölkənin maraqlarını təmin etmək üçün kəsişən nöqtələri və maraqları uzlaşdırmağa çalışan, 20 illik təcrübəyə malik bir hakimiyyət bütün detalları – keçmişi, indini və gələcəyi nəzərə alaraq siyasi strategiya qurur. Üstəlik, bu strategiya çox uğurlu idarəetmə metodikasına əsaslanır. Məhz bu səbəbdən dövlətimiz kifayət qədər böyük uğurlar əldə edib və qlobal səviyyədə nəzər yetirdikdə digər ölkələrlə müqayisədə öndədir.
Texnoloji inqilabın mahiyyətini, yaratdığı fəsadları və müsbət keyfiyyətlərini düzgün analiz edərək, dövlətçilik prinsiplərinə söykənən planlaşdırma aparan Azərbaycan bir çox ölkələrdən irəlidədir. Artıq inkişaf etmiş ölkələrin bir çoxunda sistemlər dağılır, idarəetmə fərdlərin əlində cəmləşir və bunun fəsadları göz önündədir. Sadəcə, bunu siyasi intellekti və biliyi olan insanlar anlayır və nə baş verdiyini bilir.
Texnoloji inqilabın yaratdığı fəsadlar çoxşaxəlidir. Artıq informasiya müharibəsində dezinformasiya və manipulyasiya mühüm rol oynayır. Sosial medianın burada böyük təsiri var və bu, beyinləri zəhərləmək üçün istifadə olunur. Bunun çox eybəcər, neqativ xüsusiyyətlərini yaşayırıq.
İkincisi, kiberhücumlar ölkələrin təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Zəif ölkələrdə bu, dövlətin təhlükəsizliyini belə təhdid edir. Biz də dəfələrlə insanlarımızın belə hücumlara məruz qaldığının şahidi olmuşuq və dövlət orqanlarının bu barədə çağırışlarını izləmişik.
Üçüncüsü, siyasi proseslərə təsiri baxımından siyasi institutlar arasındakı bərabərsizlik və ədalətsizlik bəzən yaranır. Maliyyə baxımından daha güclü olanlar media platformalarından daha çox istifadə edir və nəticədə öndə olma şansları artır. Müstəqil mətbuatın və onların platformalarının yaranmasına ciddi maneələr törədilir.
Dördüncüsü, şəxsi azadlıqların azalmasıdır. Hər kəs texnologiyaların inkişafından istifadə edərək bir-birinə qarşı müəyyən üstünlüklər əldə etməyə çalışır. Bütün bunlar texnoloji inqilabın yaratdığı fəsadlardır. Bu, sadə formasını təşkil edir. Ancaq bunun daha ağır formaları dövlətlərarası münasibətlərdə kəskin şəkildə öz əksini tapır.
Bunlar haqqında düşünməyənlər, yeni inqilabların yaratdığı fəsadları və onları önləmək üçün ölkələrin göstərdiyi səyləri anlamağa çalışmalıdırlar. Nəzərə alsaq ki, mühitə tabe olan insanlar yeni dünyanın harasında olduqlarını hələ tam qavraya bilməyiblər,çünki ictimai davranışlara təsir etmə şansı olan insanlar manipulyasiya və spekulyasiya məşğul olur.
Özünüzə yeni peşə tapın, bu sahəni kirlətməyin!
Bunların qarşısını almaq üçün etik yanaşmalara ehtiyac var. Təəssüf ki, sizdə bunu görmədik, çünki siz o dəyərdən məhrum olmusunuz.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri