
"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı artıq müəyyən fikirlər formalaşır. Tramp administrasiyası münaqişənin həlli istiqamətində konkret addımlar atmaq niyyətini ortaya qoyur. Hazırkı situasiyada qazanclı tərəf kimi Kreml önə çıxır və reallıqlara baxdıqda Ukraynanın 2014-ci ildəki sərhədlərinə qayıtmaq ehtimalı minimumdur".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, buna əsasən, razılaşma olacağı təqdirdə rəsmi Moskva ilkin mərhələdə itirdiyi resurslarını bərpa etməyə çalışacaq:
"Sonra isə beynəlxalq müstəvidə əvvəlki mövqelərinə qayıtmaq cəhdləri edəcək. Bu isə olduqca ağır və uzun bir prosesdir. Təbii ki, burada postsovet məkanı və onun bir parçası olan Cənubi Qafqaz regionu ilk sırada qərarlaşır.
Region ölkələrinin Rusiya ilə münasibətlərinin xarakteristikasına bələd olduqda Moskvanın gələcəkdə hansı tip siyasət həyata keçirmək istəyəcəyi göz önündə canlanır".
Pərviz Mirizadə hesab edir ki, Rusiya regionda əvvəlki imkanlarına sahib ola bilməyəcək:
"Çünki qlobal arenada dəyişən geosiyasi reallıqlar və yazılmaqda olan yeni dünya nizamı və yeni güc mərkəzləri Kremlin bölgə ilə bağlı ambisiyalarını minimallaşdıracaq".
Süleyman