Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Pakistan yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar

Azərbaycan və Pakistan  yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar


"Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri ilə təkbətək görüşü başlayıb.

Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Dövriyyə əvvəlki il ilə müqayisədə cüzi dəyişsə də 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili deyib ki, ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır:

"Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir.

Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn tursitlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub".

Deputat qeyd edib ki, Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir:

"Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir.

Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar".


Süleyman
Xəbəri paylaş