
"Müasir idarəetmənin əsas təməl prinsiplərindən biri düzgün kadr siyasətinin həyata keçirilməsidir. Xidmətin inkişafı rəhbər vəzifələrdə çalışan şəxslərin bilik və bacarıqlarından asılıdır. Lakin son dövrlərdə müşahidə olunan neqativ tendensiyalar göstərir ki, kadr seçimi zamanı savad, peşəkarlıq və vicdanlılıq kimi keyfiyyətlər ikinci plana atılır. Bunun əvəzinə şəxsi maraqlar, qohumbazlıq, tamahkarlıq və yaltaqlıq üstün tutulur. Bu cür yanlış yanaşmalar idarəetmə sistemində ciddi problemlərə və xidmətin inkişafının qarşısının alınmasına səbəb olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, düzgün aparılmayan kadr siyasətinin əsas fəsadlarından biri savadsız və qeyri-peşəkar şəxslərin vəzifələrə gətirilməsidir:
"Belə şəxslər yalnız şəxsi maraqlarını düşünərək, tutduqları mövqeyə məsuliyyətlə yanaşmır, səriştəsizlikləri ilə sistemin fəaliyyətini iflic vəziyyətinə salırlar. Bir qurumda əsas vəzifələri peşəkar şəxslər deyil, müəyyən əlaqələr hesabına irəli çəkilən adamlar tutursa, bu, həmin qurumun çöküşü deməkdir. Savadsız rəhbərlər öz səriştəsizliklərini gizlətmək üçün bacarıqlı insanları ya sıxışdırır, ya da onların fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Bu isə sistemin daxildən çürüməsinə və perspektivli kadrların kənarda qalmasına gətirib çıxarır. Digər ciddi problem tamahgir və korrupsiyaya meyilli şəxslərin rəhbər vəzifələrə gətirilməsidir. Belə insanlar üçün əsas məqsəd vəzifədən sui-istifadə edərək şəxsi var-dövlətlərini artırmaqdır".
Əli İbrahimov qeyd edib ki, rəhbər vəzifələrdə yalançı və riyakar şəxslərin olması da ciddi təhlükə yaradır:
"Belə insanlar iş prosesində saxtakarlığa yol verərək reallığı təhrif edir, problemləri ört-basdır etməyə çalışır, üst rəhbərliyə yalan məlumatlar ötürürlər. Yalan üzərində qurulan idarəetmə sistemi isə gec-tez iflasa uğrayır. Çünki problemlərin həlli üçün real tədbirlər görülmədikdə, onlar daha da dərinləşir və nəzarətdən çıxır. Riyakar və ikiüzlü şəxslər öz məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edir, insanları bir-birinə qarşı qaldırır, yersiz intriqalar yaradırlar. Nəticədə iş mühiti pozulur, kollektivin birliyi sarsılır.
Bütün bu problemlərin kökündə ədalətsiz kadr siyasəti dayanır. Əgər vəzifələrə şəxsi münasibətlər, qohumluq əlaqələri və ya maddi maraqlar əsasında seçim edilirsə, həmin sistemdə heç bir inkişafdan söhbət gedə bilməz. İdarəetmədə əsas meyar peşəkarlıq, vicdanlılıq və məsuliyyət olmalıdır. Hər bir vəzifəyə təyin edilən şəxs öz sahəsini mükəmməl bilməli, vətəndaşların hüquqlarını qorumalı və dövlətin maraqlarını şəxsi mənfəətdən üstün tutmalıdır".
Süleyman