
"Son günlər Suriyada İsrail və Türkiyə arasında yaranan gərginlik, iki ölkə arasında yenidən qarşılıqlı olaraq kəskin bəyanatlarla davam etməkdədir. Bu ölkədə son vaxtlar baş verənlərə nəzər salsaq görərik ki, Rusiya və İranın Suriyada illərlə mövcudluğu İsraili və digər ölkələri bu qədər narahat etmirdi. Amma, Türkiyənin Suriyada mövcudluğu kimlərisə, xüsusilə də İsraili narahat etməyə başlayıb".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, əslində bu narahatçılıq ABŞ, Rusiya, İran daxil Türkiyənin Yaxın Şərqdə ciddi oyunçuya çevrilməsinin qarşısını almaq məqsədi daşıyır:
"Türkiyə bütün təzyiqlərə rəğmən Suriya xalqının və hökumətinin yanındadır və bütün sahələrdə onlara yardım göstərəcəyini bəyan edir. Türkiyə bir NATO ölkəsidir. İsrail və ABŞ bunu başa düşür. İsrail təkbaşına Türkiyəyə qarşı hərbi əməliyyatlara başlaya bilməz və bu addım İsrail üçün həyatı məsələ ola bilər. İsrailin təkbaşına belə bir riskə getməsi mümkün olmadığı kimi, ABŞ-ın da Turkiyəyə qarşı hərbi əməliyyatlara qoşulması mümkün deyil. Bunun bir çox səbəbləri var və ilk növbədə NATO üzvü olan Türkiyə, güclü orduya sahibdir və güclü iqtisadiyyatı var. Bunlarla yanaşı Türkiyənin siyasi baxımdan istər Qərblə, istərsə də Rusiya ilə möhkəm diplomatik əlaqələri və münasibətləri mövcuddur".
Ekspert onu da deyibm ki, Türkiyə İrandan və digər müsəlman ölkələrindən fərqli olaraq nüfuz baxımdan İslam dünyasının güvənc yeridir və bütün müsəlman ölkələri ilə sıx münasibətlər qurub:
"ABŞ üçün Türkiyə, Yaxın Şərqdə və ümumiyyətlə regionda ən yaxşı müttəfiqdir və Amerikanın Türkiyə ərazisində, regionun ən böyük hərbi bazasını saxlaması, qardaş ölkənin nə qədər əhəmiyyətli bir dövlət olduğunu göstərir. İsrail hökuməti Qəzzada etdiklərindən dolayı, dunyada və öz ölkəsində ciddi etirazlara məruz qaldı. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi əməliyyatların davam etməsinə görə Qəzzada ilişib qalan İsrailin Türkiyəyə qarşı açıq müharibəyə başlama şansı yoxdur və belə bir ehtimal yaxın gələcəkdə mümkün görünmür".
Anar Əliyev