
"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Beynəlxalq Ailə Günü ərəfəsində biz ailədaxili münaqişələr, erkən nikah, boşanmalar kimi sosial problemlərdən də danışmalı oluruq. Hər nə qədər ölkədə ailə dəyərlərinin qorunub saxlanması, onun kənar təsirlərdən mühafizəsi istiqamətində dövlət və onun müvafiq qurumları tərəfindən lazımı addımlar atılsa da, lakin qeyd etdiyimiz problemlər qalmaqdadır. Ən arzuolunmaz hal isə ondan ibarətdir ki, bu kimi hallar azalma əvəzinə, artım dinamikası ilə müşahidə olunur".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 15 may Beynəlxalq Ailə Günü ilə bağlı danışarkən səsləndirib. O hesab edir ki, qeyd edilən mənfi tendensiyalara qarşı mübarizə aparmaq, onu minimuma endirmək üçün maarifləndirici xarakter daşıyan addımların atılması zəruridir:
"Etiraf etmək lazımdır ki, günümüzdə ailədaxili münaqişələrin meydana gəlməsi, boşanma hallarının artmasına sosial şəbəkələrin təsiri böyükdür. İstər gənclər, istərsə də ailə üzvləri arasında sosial şəbəkələrə aludəçilik, günümüzün reallığına və ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələrin daha çox mənfi tərəflərindən istifadə sonda arzu etmədiyimiz nəticələrə gətirib çıxarır. Ona görə də hesab edirəm ki, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi zəruridir. Düzdür, zaman-zaman bu istiqamətdə müəyyən işlər görülür. Lakin ortada olan reallıq ondan ibarətdir ki, aparılan işlər yetərli deyil".
Ruhiyyə Mehdiyeva deyib ki, orta məktəblərdən tutumuş. ali təhsil müəssisələrinə qədər bütün təhsil ocaqlarında maarifləndirici tədbirlərin artırılmasına ehtuyac var:
"Hətta valideynlər arasında da bu tip tədbirlərin keçirilməsi arzuolunandır".
Anar Əliyev