Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır

Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır



Məlum olduğu kimi Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi təsis edilib. Suverenlik Günü 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı dönməz milli mübarizənin və qazandığı zəfərlərin rəmzi sonunu əks etdirən bir tarixdir. Sözsüz ki, bu il ilk dəfə qeyd ediləcək bu tarixi gün ölkəmizın və xalqımızın şanlı tarixində əbədi olaraq qalacaq.
Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Bu mənada suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilməyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Bu müqəddəs arzunun son şərəfli və qürurlu tarixi nöqtəsi də məhz cənab Prezidentin qətiyyətili və ordumuzun şücaəti nəticəsində 2023-cü ildə Azərbaycanın dövlət suverenliyini bərpa etməklə qoyulmuşdur.
30 ildən çox davam edən işğala, Beynəlxalq hüququn normalarının və BMT nizamnaməsinin tələblərininin kobud şəkildə pozulmasına, azərbaycanlılara qarşı etnik təmizləmə aparılmasına baxmayaraq bu Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Rəsmi Bakının qətiyyətli xarici siyasəti və mükəmməl diplomatik həmlələri dünya dövlətlərini Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləməsi ilə nəticələnmişdir.
Buna baxmayaraq, erməni işğalı Azərbaycanın 20 faiz ərazisi üzərində daxili suverenliyini və ali hakimiyyətin qollarının işləkliyini, institusional hüquqi tətbiqlərin icrasını məhdudlaşdırdı. Uzun illər ərzində aparılan danışıaqlara baxmayaraq Ermənistan münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində hər hansı bir addım atmadı və hətta Ermənistanın yeni hakimiyyəti belə özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Bundan sonra gözləntilər ondan ibarət idi ki, ərazilərimizdə olan separatçı rejim də müharibənin nəticələrindən dərs çıxararaq buna uyğun addımlar atacaq. “020-ci ildə imzalanmış üçtərəfli bəyanatda Ermənistanla Qarabağda yaşayan ermənilər arasında əlaqə Laçın üzərindən qurulmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Digər tərəfdən iusə qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymasa da onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Məhz elə bu səbəbdən də Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Lakinbu hal belə separatçı rejim təmsilçilərinin haqq yoluna gəlməsi üçün kifayət etmədi. Separatçılar və erməni hərbi birləşmələri 2023-cü ilin 19 sentyabr tarixində bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan ordusu qarşısında cəmi 23 saat 43 dəqiqə ərzində dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi. Bununla da Qarabağda erməni separatizminə son qoyuldu.
Bununla da müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan öz dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Hazırda xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş