
“Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya təşəbbüsü humanizm, sosial ədalət və dövlət siyasətinin ahəngini bir daha nümayiş etdirir”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, bu təşəbbüs kontekstində amnistiya aktının ən geniş və əhatəli olacağı gözlənilir:
“Belə ki, bu təşəbbüsün 20 mindən çox şəxsi əhatə edəcəyi bildirilir. Xüsusilə nəzərə çarpan məqam odur ki, azadlığa buraxılacaq şəxslər arasında Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların yaxın qohumları, habelə Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş və digər sosial cəhətdən həssas qruplar var. Eyni zamanda, qadınlar, 60 yaşdan yuxarı şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da bu aktın əhatəsindədir. Bu, amnistiyanın təkcə hüquqi yox, həm də humanist təməllərini önə çıxarır”.
Politoloq qeyd edib ki, amnistiyanın bir digər məqsədi cəzadan azad olunacaq şəxslərin sosial reabilitasiyası və dövlətə töhfə vermə imkanının təmin olunmasıdır:
“Bu baxımdan, təşəbbüs həm də cəzanın tərbiyəvi funksiyasını nəzərə alır. Belə ki, cəzanın çəkilməmiş hissəsinin azaldılması və ya tam azadlığa buraxılma şəklində tətbiqi ilə məhkumlar cəmiyyətə yenidən inteqrasiya oluna biləcəklər. Belə yanaşma sosial ədalət prinsipinə uyğun olaraq həm cəmiyyətin təhlükəsizliyini qoruyur, həm də fərdlərə ikinci şans verir”.
Süleyman










































