
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfər edib. Fikrimcə bu səfər Azərbaycan üçün vacib və faydalı bir addımdır. Səfərin əsas məqsədi Azərbaycan və BƏƏ arasında strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi və ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi olub. BƏƏ Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və ölkəmizə investisiya qoymaqda maraqlıdır”.
Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova səsləndirib. O bildirib ki, səfər zamanı enerji, logistik, maliyyə və investisiya sahələrində əməkdaşlığa dair bir sıra sənədlər də imzalanıb:
“Bu da öz növbəsində SOCAR ilə BƏƏ-nin əsas şirkətləri arasında tərəfdaşlıq layihələrinin genişləndirilməsi və iki ölkə arasında münasibətlərin güclənməsinə səbəb ola bilər. Bundan əlavə iki ölkə arasındakı ticarət–iqtisadi əlaqələrin həcmi də son illərdə əhəmiyyətli dərəcədə artmaqda davam edir”.
Dürdanə Qaraşova qeyd edib ki, Prezident İlham Əliyev səfər çərçivəsində BƏƏ-də keçirilən beynəlxalq səviyyəli idman və innovasiya tədbiri “Gələcəyin Oyunları 2025” in açılış mərasimində də iştirak edib:
“Bu tədbir innovativ idman formatlarını və qlobal əməkdaşlığın yeni üsullarını birləşdirən platforma kimi regional və beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.
Prezidentlərin görüşü göstərir ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu və söz sahibi olan dövlətdir. Bu cür səfərlər yeni layihələrin həyata keçirilməsinə və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Nəticə etibarilə, səfər həm dövlətlərarası münasibətlər, həm də xalqın rifahı baxımından əhəmiyyətlidir”.
Süleyman











































