
Yanvarın 3-də ABŞ-nin Venesuelanın paytaxtı Karakasa və digər strateji nöqtələrə endirdiyi hava zərbələri dünya siyasətində yeni səhifə açır. Prezident Trampın göstərişi ilə həyata keçirilən əməliyyat çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərinə və hərbi obyektlərə raket hücumları həyata keçirib. Venesuela lideri Nikolas Maduronu və həyat yoldaşı Cilia Floresi tutalaraq ABŞ-yə aparılıb. Əsas vəzifələr arasında Venesuelanın böyük neft ehtiyatlarının nəzarət altına alınması, narkotik ticarətin dayandırılması və Maduronun sosialist rejiminin devrilməsi yer alır. Məqsəd isə Venesuelaya nəzarət etməkdir. Dünyanın ən zəngin neft ehtiyatlarından birinə malik Venesuelanın nəzarət altına alınması ABŞ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Bu hadisə ABŞ-nin rəqibləri üzərində hərbi üstünlüyünü nümayiş etdirir. Rusiya və Çin kimi böyük qüvvələrin reaksiyası hələ də qeyri-müəyyən olaraq qalır. Rusiyanın Xarici İşlər Nazirliyi hücumu “açıq aqressiya” və “kavboy tərzli davranış” kimi qınayıb. BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılmasını təklif edib. Çin isə suverenlik prinsipini vurğulayaraq, prezident Si Czinpin tərəfindən Maduroya dəstək mesajı göndərib və ABŞ-ı “xarici müdaxilə”də ittiham edib.
ABŞ-nin Venesuelanı zəbt etməsi ən azı Rusiyanın əlində ciddi təsir faktoru olan neft təzyiqlərini azaldacaq, Çinin isə ucuz neft idxalının qarşısını kəsəcək.
ABŞ-ın Venesuelaya qarşı son hərbi əməliyyatı beynəlxalq hüquq, regional stabillik və supergüclər arasında yeni bir rəqabət nöqtəsidir. Bu addım ABŞ-ın öz strateji maraqlarına və Tramp hakimiyyətinin daxili siyasi gündəminə xidmət edir. Belə görünür ki, Birləşmiş Ştatlar dünyanın super gücü statusunu asanlıqla əldən vermək istəmir. Beynəlxalq hüququn pozulması “güc-qanun yaradır” prinsipini təsdiqləyir. Bu isə Trampın Amerikanın birinciliyi ilə bağlı yeni ambisiyalarının əlamətləridir.
ABŞ-nin bu addımı Rusiya və Çin üzərində həlledici qələbə qazanması yolunda ciddi uğur da hesab oluna bilər. Bununla belə ABŞ-nin diqqətini Karibə yönəltməsi Ukraynaya yardımları azalda bilər. Bu isə Rusiyaya əlavə vaxt qazandıracaq. Lakin Venesueladkı S-300-lərin taleyi yeni gərginlik yaradacaq. Rusiyanın S-300-ləri müdafiə edə bilməməsi onun daha bir məğlubiyyəti kimi qiymətləndiriləcək.
ABŞ-nin Sakit okeandakı qüvvələrinin azalması Tayvan məsələsində rəsmi Pekinə fürsət verə bilər. Bu da Tayvan ətrafında gərginliyin artması və hərbi hazırlıqların gücləndirilməsinə gətirib çıxaracaq. Ancaq bunun müharibəyə çevriləcəyi inandırıcı görsənmir.
Qlobal enerji bazarlarında da qeyri-müəyyənlik artacaq. Nəticədə, bu hadisə qlobal gərginliyi yüksəldəcək. Yaxın müddətdə iqtisadi şoklar və humanitar böhranlar doğuracaq. Azərbaycan kimi neft ixracatçısı olan ölkələr üçün isə bu, enerji bazarlarında volatillik deməkdir.
Mütəllim Rəhimov, Ədalət Partiyasının sədri












































