
“Azərbaycanın balanslı xarici siyasət kursu, eyni zamanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin təkcə yerləşdiyi coğrafiyada deyil, dünyada sürətli inkişaf edən ölkələr sırasında qərarlaşması Bakıya olan marağın, diqqətin artmasını şərtləndirir. Təkcə son həftələrdə ölkəmizə baş tutan yüksək səviyyəli səfərlər fonunda bunu aydın görmək mümkündür. Latviya və Ukrayna prezidentlərinin ardınca Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri xüsusilə Avropada Azərbaycana böyük maraq olduğunu göstərir. Bu da təbiidir. Çünki bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan vacib ölkə rolunu oynayır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətləri əhatə etdiyini deyən millət vəkili bildirib ki, bu əməkdaşlığın ana xəttini isə enerji sektoru təşkil edir:
“Təsadüfi deyil ki, elə Baş nazir Andrey Babiş də Prezident İlham Əliyevlə birgə mətbuata verdiyi açıqlamada bu məqamı xüsusi olaraq vurğuladı. Baş nazir bildirdi ki, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır: “Bu mənada Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur”. Bunun özü böyük göstəricidir. Cənab Baş nazirin qeyd etdiyi rəqəm bir daha Azərbaycanın enerji sahəsində Çexiya üçün nə dərəcədə önəmli rol oynadığını sübut edir”.
İlham Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, energetika sahəsində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır: “Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.
Millət vəkili onu da deyib ki, Çexiya Baş nazirinin Azərbaycana səfəri Bakı ilə Praqa arasında əməkdaşlığın yeni konturlarının müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Dövlət başçısı bildirdi ki, burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır: “Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.
İlham Məmmədov sonda onu da deyib ki, bütün bu səfərlər ilk növbədə Avropanın Azərbaycana olan marağının gösrəricisidir:
“Çünki qeyd etdiyimiz kimi bu gün Avropa öz enerji təhlükəsizliyini məhz Azərbaycanda görür. Yaxın vaxtarda İtaliya Baş nazirinin də ölkəmizə gözlənilən səfəri bunun təsdiqidir”.
Süleyman










































