Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Çexiya münasibətləri daha praqmatik və nəticəyönümlü müstəviyə keçir

Azərbaycan və Çexiya münasibətləri daha praqmatik və nəticəyönümlü müstəviyə keçir


"Prerzident İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında arasında keçirilən görüş və səsləndirilən birgə bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olmaq potensialını ortaya qoyur".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu səfər xüsusilə diqqət çəkir, çünki tərəflər əməkdaşlığı yalnız mövcud sahələrlə məhdudlaşdırmaq deyil, onu daha geniş və çoxşaxəli istiqamətlər üzrə inkişaf etdirmək niyyətlərini açıq şəkildə ifadə ediblər:

"Siyasi dialoqun intensivləşməsi iki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərir. Görüşün məhsuldar keçməsi və müxtəlif səviyyələrdə müzakirələrin aparılması onu deməyə əsas verir ki, Bakı və Praqa arasında münasibətlər artıq daha sistemli xarakter almağa başlayır. Bu, Azərbaycanın Avropa ilə əlaqələrində yeni tərəfdaşlarla işləmək strategiyasına uyğun gəlir, eyni zamanda Çexiyanın da Cənubi Qafqaz regionuna marağının artdığını göstərir.
İqtisadi sahədə verilən mesajlar isə xüsusilə praktik əhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin artması müsbət göstəricidir, lakin onun strukturunun təkmilləşdirilməsi ilə bağlı irəli sürülən yanaşma gələcək əməkdaşlığın daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir. Çex iş adamlarının geniş tərkibdə səfərdə iştirakı və biznes forumun təşkili göstərir ki, tərəflər konkret layihələrə keçid etmək niyyətindədir. Bu isə sənaye, texnologiya və investisiya sahələrində yeni imkanlar yarada bilər".

Politoloq qeyd edib ki, energetika əməkdaşlığı münasibətlərin əsas dayaqlarından biri olaraq qalır və bu sahədə tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlıq yeni mərhələdə daha da dərinləşə bilər:

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol fonunda Çexiya ilə əlaqələrin inkişafı yalnız ikitərəfli deyil, həm də daha geniş regional kontekstdə əhəmiyyət daşıyır. Bu əməkdaşlıq enerji təchizatının sabitliyi ilə yanaşı, uzunmüddətli strateji planlaşdırma baxımından da önəmlidir.

Cənab Prezident tərəfindən müdafiə sənayesi istiqamətində səsləndirilən fikirlər isə münasibətlərin perspektivlərini daha da genişləndirir. Mövcud əməkdaşlığın yeni mərhələdə birgə istehsal və texnoloji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycan üçün sənaye potensialının gücləndirilməsi, Çexiya üçün isə yeni bazarlara çıxış baxımından əhəmiyyətlidir. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr uzunmüddətli əməkdaşlığın əsas elementlərindən birinə çevrilə bilər".

Yusif Bağırzadənin sözlərinə görə, bu səfər və verilən bəyanatlar göstərir ki, Azərbaycan və Çexiya münasibətləri daha praqmatik və nəticəyönümlü müstəviyə keçir:

"Qarşılıqlı siyasi iradə və iqtisadi maraqların uzlaşması fonunda tərəflərin əməkdaşlığı genişləndirmək üçün real imkanları mövcuddur. Bu isə yaxın perspektivdə iki ölkə arasında əlaqələrin həm keyfiyyət, həm də miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edəcəyini göstərir".

Süleyman
Xəbəri paylaş