
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluq hallarının qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilir.
Newscenter.az xəbər verir ki, mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib. Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.
Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2,526,700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.
Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilən yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləri də aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib.
Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilər tərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksək səviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbət nəticələrlə müşayiət olunub.
380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.
Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.
Ruhiyyə Mehdiyeva










































