Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya Baş nazirinin Azərbaycana səfəri siyasi dialoqun dərinləşməsinə xidmət edəcək

İtaliya Baş nazirinin Azərbaycana səfəri siyasi dialoqun dərinləşməsinə xidmət edəcək



Günümüzdə Azərbaycan ilə İtaliya arasında əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq həm regional, həm də qlobal aspektdə inkişaf edir, hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur. Müntəzəm olaraq Bakı və Romadan həyata keçirilən yüksəksəviyyəli səfərlər ölkələr arasında əlaqələrdə müsbət dinamika yaradır, yeni-yeni əməkdaşlıq imkanları ortaya çıxarır. Bu mənada İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri də Bakı-Roma xəttinin müsbət istiqamətdə inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əvvəla, Meloninin səfəri ona görə əhəmiyyətlidir ki, bu, son 13 il ərzində İtaliyanın baş naziri səviyyəsində Azərbaycana edilən ilk səfərdir. İtaliya baş naziri səviyyəsində sonuncu səfər 2013-cü ilin 11-12 avqust tarixlərində baş tutub. Həmin vaxt İtaliyanın baş naziri Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti və İtaliya baş naziri arasında görüş keçirilib, səfərin sonunda Birgə Bəyannamə qəbul edilib.

Azərbaycan və İtaliya əlaqələrinin tarixi müstəqillik illərinə təsadüf edir. İki ölkə arasında diplomatik münasibətlər Azərbaycanın müstəqilliyini əldı etməsindən sonra qurulub və zaman keçdikcə müsbət istiqamətdə inkişaf edib. Məhz inkişaf edən qarşılıqlı əlaqələr nəticəsində İtaliya Azərbaycanın Avropa İttifaqı çərçivəsində ən yaxın tərəfdaşlarından biri, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda vacib portnyoruna çevrilib. Bakı ilə Roma arasında qurulan yüksək səviyyəli dialoq nəticəsində Azərbaycan və İtaliya beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq imkanlarını genişləndirib, bir-birinə prinsipial məsələlərdə dəstək nümayiş etdirməklə bu əməkdaşlığa xüsusi töhfə verib.

Roma ilə Bakı arasında münasibətlər qarşılıqlı hörmət, ərazi bütövlüyü və suverenliyini tanıma, daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulub. Xüsusilə son dövrdə geosiyasi dəyişikliklər fonunda Azərbaycan–İtaliya əməkdaşlığında ciddi bir dinamika müşahidə edilir.

Elə Meloninin Azərbaycana səfərini əhəmiyyətli edən tərəflərdən biri də bu səfərin mürəkkəb geosiyasi dəyişikliklər dövrünə təsadüf etməsidir. Yaxın və uzaq regionlarda baş verən gərginliklər, münaqişələr hər bir Avropa ölkəsi kimi İtaliyanın da enerji resursları ilə təminatında ciddi problemlər yaradıb. Bu səbəbdən İtaliya da əksər Avropa ölkəsi kimi öz enerji təhlükəsizliyinin təminatçısı qismində Azərbaycanı görür və bu sahədə Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Elə İtaliyanın baş naziri Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanatda bunu açıq şəkildə ifadə etmiş oldu:

“Birmənalı olaraq, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq”,-deyən Meloni, “İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır”,-deyə vurğulayıb. İtaliya baş nazirinin söylədiyi fikirlər Roma üçün enerji təhlükəsizliyi və bu sahədə əməkdaşlıq baxımından Meloninin Bakıya səfərinin nə dərəcədə önəm kəsb etdiyini təsdiqləyir.

Elə Azərbaycan üçün də enerji resurslarının ixracı baxımından İtaliya bazarı sərfəli və vacib bazardır. Bunu ölkə başçısı cənab İlham Əliyev İtaliyanın baş naziri ilə görüşündə bildirdi. Dövlət başçısı dedi ki, bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır:

“Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.

Bu gün ən vacib məsələlərdən biri regional sabitlik və təhlükəsizlik məsələləridir ki, hər iki istiqamətdə də Bakı və Romanın mövqeyi aydındır. Həm Azərbaycan, həm də İtaliya regional təhılükəsizliyin təminatında sülhü dəstəkləyir. Azərbaycan sülh təşəbbüskarı, sülh gündəliyinin müəllifi kimi artıq Ermənistanla sülhə çox yaxınlaşıb. Sülh müqaviləsinin imzalanmasının regional təhlükəsizliyə təminat verdiyi kimi bölgənin inkişafı, enerji resursları və nəqliyyat dəhlizləri vasitəsilə yüklərin təhlükəsizlik şəkildə daşınmasında da mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan İtaliya bu məsələdə də Azərbaycanın mövqeyini dəstəkləyir, bu prosesin irəli aparılmasını arzu edir.

Beləliklə, İtaliya baş nazirinin Azərbaycana səfərinin nəticələrini kompleksləşdirsək deyə bilərik ki, Meloninin səfəri enerji sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsinə təkan verməklə yanaşı, qaz tədarükünün artırılması və uzunmüddətli enerji tərəfdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətli olacaq. Bundan başqa səfər iqtisadi sahədə əlaqələrin şaxələndirilməsi baxımından mühüm rol oynayacaq və İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün zəmin yaradacaq. Nəhayət, bu səfər siyasi dialoqun dərinləşməsinə xidmət edəcək.

İlham Məmmədov, Milli Məclisin deputatı
Xəbəri paylaş