
Ali Baş Komandan, Cənab İlham Əliyevin əlamətdar tarixləri, ad günlərini işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi ənənə halını alıb. Bu ənənəyə sadiq qalan Cənab İlham Əliyev bu dəfə də 10 may tarixini, Ümummilli Liderin doğum gününü Zəngilanda, Böyük Qayıdış nəticəsində öz dogma yurdlarına qayıtmış sakinlərlə birgə keçirdi. Cənab Prezidentin bu tarixdə Zəngilana səfər etməsi həm də bir rəmzi məna daşıyırdı. Məna isə ondan ibarət idi ki, İlham Əliyevin timsalında Ulu Öndər də Zəngilanda idi və orada aparılan quruculuq-abadlıq işlərindən dahi şəxsiyyətin ruhu şad idi. Bu səfər həm də Qarabağ və Şərqi Zəngəzurun inkişafının Azərbaycan dövlətinin, onun prezidentinin əsas prioritetlərindən biri olduğunu göstərirdi. Bu cür səfərlər milli birlik, qələbə ruhu və gələcəyə inam hisslərini daha da gücləndirir.
Səfər zamanı dövlət başçısının Zəngilanda bir neçə mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etməsi həm də “Böyük Qayıdış” proqramının növbəti mərhələsinin də uğurla həyata keçirildiyinin göstəricisi idi Bu baxımdan Zəngilan xüsusi əhəmiyyətə və strateji mvqeyə malikdir.

Zəngilanın strateji mövqeyi ondan ibarətdir ki, Azərbaycanın cənub-qərbində yerləşən rayon həm Ermənistan, həm də İran ilə sərhədə malikdir. Bu coğrafi mövqe Zəngilanı regional nəqliyyat və logistika layihələrinin əsas mərkəzlərindən birinə çevirir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi kontekstində rayonun əhəmiyyəti daha da artır. Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya uzanan yol həm də Şimal-Cənub dəhlizi sayılır. Zəngilandan Ağbənd üzərindən İran və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə uzanmaqla beynəlxalq bir mərkəz rolunu oynayır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını nəzərdə tutur.

Prezidentin Zəngilan səfəri həm də Azərbaycanın qurucu, yaradıcı bir ölkə olduğunu dünyaya göstərir. Ermənistan dövləti istər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsində uzaqmənzilli raketlərlə dağıtdığı şəhərləri, kəndləri, mədəniyyət ocaqlarını Azərbaycan yenidən qurur, abadlaşdırır.
Zəngilan Azərbaycanın azad edilmiş ərazilərində tətbiq olunan yeni inkişaf modelinin əsas nümunələrindən biridir. Burada həyata keçirilən “ağıllı kənd” layihələri müasir texnologiyaların kənd təsərrüfatı, enerji təminatı və idarəetmə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə yenidən qurulur, abadlaşır, yeni görkəm alır. Birbaşa dövlət başçısının rəhbərliyi və nəzarəti altında həyata keçirilən bu kimi tədbirlər həm işin keyfiyyətini artırır, həm də Böyük Qayıdış çərçivəsində öz dogma yurdlarına qayıtmış vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradır.
İlham İsmayılov
ATXƏM sədri











































