
"İlham Əliyev 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə geniş çıxış edərək aqrar sektorun inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Prezident qeyd edib ki, hələ 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı əsas məqsədlərdən biri kimi müəyyənləşdirilmişdi. Onun sözlərinə görə, həmin dövrdə bölgələrdə qaz, elektrik enerjisi, yol və su təchizatı ilə bağlı ciddi problemlər mövcud idi və dövlət proqramları bu çatışmazlıqların aradan qaldırılmasında mühüm rol oynayıb".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Gülnar İsayeva deyib. O deyib ki, prezidentin çıxışı zamanı kənd təsərrüfatı məhsullarının istehsalında əldə olunan artımdan da bəhs olunub:
"Prezident üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələrlə bağlı dövlət proqramlarının uğurlu nəticələr verdiyini bildirib. O vurğulayıb ki, subsidiyalar aqrar sahənin inkişafında mühüm əhəmiyyət daşıyır və Azərbaycan bu istiqamətdə dünyada ən geniş dəstək mexanizmlərindən birini tətbiq edən ölkələrdən biridir. Fermerlərə verilən güzəştli kreditlər, texnika təminatı, gübrə subsidiyaları və aqrar sığorta sistemi kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edir".
Arzu













































