Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd təsərrüfatının inkişafı hər zaman dövlətin prioritetini təşkil edib

Kənd təsərrüfatının inkişafı hər zaman dövlətin prioritetini təşkil edib


“Qlobal risklərin, regional münaqişələrin artdığı bir dövrdə hər bir ölkənin ərzaq təminatında istər-istəməz problemlər meydana çıxır. Ənənəvi daşıma marşrutlarının risk altında olması, yükdaşımalarda meydana gələn problemlər ərzaq təhlükəsizliyinə də öz mənfi təsirini göstərir. Bu baxımdan hər bir ölkənin kənd təsərrüfatını daha da inkişaf etdirməsi və bununla da ərzaq təhlükəsizliyini təmin etməsi bu gün ən aktual məsələdir. Bu mənada ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi günümüzün tələbinə uyğundur”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, ötən illər ərzində Cənab Prezident tərəfindən qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar öz növbəsində kənd təsərrüfatının inkişafına da müsböət təsir göstərsə də, lakin görülməli işlər hələ çoxdur:

“Düzdür, Cənab Prezidentin qeyd etdiyi kimi 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynadı. Proqram çərçivəsində təkcə rayon mərkəzləri deyil, eyni zamanda kənd yollarının da abadlaşdırılması, yeni yolların çəkilməsi kəndlərin dirçəlməsinə, kəndlinin öz məhsulunu daha rahat şəkildə bazara çıxarmasına imkan yaratdı. Dövlət proqramları paralel olaraq üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə inkişafa böyük təkan verdi. Ancaq əhali artımı, qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalar bu sahəyə diqqətin artırılmasını zərurətə çevirir”.

Millət vəkili onu da deyib ki, kənd təsərrüfatının inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması hər zaman dövlətin, xüsusilə də dövlət başçısının diqqət yetirdiyi əsas istiqamət olub:

“Bu sahə hər zaman dövlətin prioritetini təşkil edib. Elə dünən keçirilən müşavirdən dərhal sonra Cənab Prezident tərəfindən 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənməsi də bunun təsdiqidir. Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafını özündə ehtiva edən sözügedən proqram kənd təsərrüfatı sahəsində mövcud olan bəzi nöqsanların aradan qaldırılmasında mühüm baza rolunu oynayacaq”.

Kənd təsərrüfatı sahəsində mövcud olan problemlərə gəlincə, İlham Məmmədov deyib ki, müşavirədə Cənab Prezident həmin problemləri açıq şəkildə dilə gətirdi və onların həlli məqsədilə müvafiq qurumlara öz tapşırıqlarını verdi:

“Dövlət başçısının qeyd etdiyi kimi ən narahat edən məsələ buğda istehsalında artım tendensiyasının olmamasıdır. Prezident bildirdi ki, “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək”.

İlham Məmmədov onu da deyib ki, başda dövlət başçısı olmaqla hər birimizi narahat edən məsələlərdən biri də kənddən şəhərə axının olmasıdır:

“Ona görə də Cənab Prezidentin qeyd etdiyi kimi kəndlərdə elə şərait yaradılmalıdır ki, kəndli artıq şəhərə gəlməyə deyil, şəhərdən kəndə qayıtmağa üstünlük verisin. Hesab edirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı bu mənfi tendensiyanın aradan qaldırılmasında mühüm rol oynayacaq”.

Süleyman
Xəbəri paylaş