
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən dövlətin vahid cəza siyasətinin həyata keçirilməsində iştirak, cəzanın məqsədlərinə nail olunmasının təmin edilməsi, habelə probasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.
Newscenter.az xəbər verir ki, bu məqsədlə, Niderland Krallığının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Probasiya xidmətinin inkişafına dəstək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Niderland Probasiya xidmətinin Beynəlxalq idarəsinin rəhbəri Yoxum Vildeman, beynəlxalq təlimçi Mixiel van Herpen və Hertoqenboş Apellyasiya Məhkəməsinin baş hakimi Niko Tuijndən ibarət nümayəndə heyəti ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində görüş keçirilib.
Görüş zamanı idarənin rəisi Elnur Musayev tərəfindən nümayəndə heyətinə idarənin fəaliyyət istiqamətləri, səlahiyyətləri və həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib. Xüsusilə probasiya nəzarətinin təşkili, məhkumların sosial reabilitasiyası, alternativ cəzaların icrası mexanizmləri, amnistiya institutunun tətbiqi, eləcə də prokurorluq orqanlarının dövlətin vahid cəza siyasətinin həyata keçirilməsində rolu və cəzanın məqsədlərinə nail olunmasına yönəlmiş fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Niderland nümayəndələri öz növbəsində ölkələrində probasiya xidmətinin təşkili modeli, tətbiq olunan müasir yanaşmalar, risklərin qiymətləndirilməsi mexanizmləri və bu sahədə əldə edilmiş müsbət nəticələr barədə məlumat verərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf perspektivlərini yüksək qiymətləndirdiklərini bildiriblər.
Görüşdə probasiya fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, ekspert və təcrübə mübadiləsinin genişləndirilməsi, habelə gələcəkdə birgə təlim proqramlarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər bu kimi görüşlərin institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə paylaşımının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Arzu












































