
“İslam İnkişaf Bankı Qrupunun İllik toplatısının Azərbaycanda keçirilməsi təkcə iqtisadi deyil, eyni zamanda siyasi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə İslam dünyasında Azərbaycanın mövqelərinin güclənməsi baxımından əhəmiyyətlidir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və dayanıqlı inkişafın təmin olunması dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir:
“Bu baxımdan Azərbaycan qeyd edilən istiqamətlərə xüsusi əhəmiyyət verir. Bakı Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yanaşı İslam İnkişaf Bankı ilə əməkdaşlığa xüsusi önəm verir. 1992-ci ildən etibarən İslam İnkişaf Bankının üzvü olan Azərbaycan ötən illər ərzində bu maliyyə qurumunun ən fəal üzvlərindən biri kimi tanınıb. Hələ 2010-cu ildə Azərbaycan bankın illik toplantısına evsahibliyi edib. Ötən illər ərzində qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Azərbaycan sözügedən maliyyə qurumu ilə bir sıra layihələr həyata keçirib. Bu gün də həmin əməkdaşlıq davam edir”.
Arzuman Muradlı qeyd edib ki, ümumiyyətlə. İslam İnkişaf Bankının İllik toplantısının Azərbaycanda keçirilməsi həm də siyasi, sosial və beynəlxalq əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, investisiyaların artmasına, regional əməkdaşlığın güclənməsinə və ölkənin iqtisadi potensialının dünya miqyasında daha geniş tanıdılmasına mühüm töhfə verir. Toplantının nəticələri uzunmüddətli perspektivdə ölkənin davamlı inkişafına və beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Süleyman












































