Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın ikili standart siyasəti

Avropanın ikili standart siyasəti


"Sivilizasiya yalnız inkişaf səviyyəsi deyil, həm də davranış formasıdır. O, insanın üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Bu vəzifələri yerinə yetirmək, mənəvi dəyərlərə uyğun davranmaq qarşılıqlı məsuliyyət, dürüstlük və vicdan tələb edir. Dürüstlük və vicdan siyasətdə ən mühüm məziyyətlərdəndir. Necə sözdə və işdə dürüst olmaq vacibdir, eləcə də siyasətdə siyasi liderin də öz öhdəliyi olmalıdır ki, uğur qazansın. Biz artıq o uğurları görmüşük".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. Onun sözlərinə görə, hiyləgərlik təkcə mənəvi cəhətdən özünü doğrultmayıb, siyasətdə də əlverişli olmayıb:

"Biz bu praktikaları da görmüşük. Dəfələrlə hadisənin özünü konsultasiya etmişik. Bəzi Avropa institutları bizə qarşı bu qərəzli və hiyləgər mövqeyindən əl çəkmir. İnsan hüquqları və demokratiya ilə bağlı guya narahatdırlar. Klassik demokratiyaya bu gün dünyanın demək olar ki, heç bir yerində məhəl qoyulmur. Bizim demokratik hüquqlarımız pozulanda, insanlarımızın hüquqları tapdalananda, Avropanın ikili standart siyasəti niyə həmin problemləri ön plana çıxarmırdı?

Azərbaycan öz hüquqlarını müdafiə etməklə, dövlətinin siyasi qürurunu qorumaqla, onu xilas etməklə, öz vətəndaşının hüquqlarını bərpa etməklə və dünya miqyasında ədalətin bərpasına töhfə verməklə bəzi ölkələrin qara siyahısına düşdü. Səbəb aydındır: müstəqil siyasət yürütmək, dürüstcəsinə, sivil qaydada beynəlxalq hüquq normalarına riayət etməklə öz suverenliyini təmin etmək. Məhz bundan sonra ikili standartların əsl mahiyyəti üzə çıxdı. Bizim siyasi azadlığımız əlimizdən alınanda, torpaqlarımız işğal altında olanda, insanlarımıza qarşı vəhşiliklər törədiləndə, 30 il ərzində bütün insan hüquqlarından məhrum olanda siz harada idiniz, ikili standartların əsas müdafiəçilərindən biri olan cənab Frank Şvabe?".

Mərkəz rəhbəri qeyd edib ki, əgər bu gün sərgilədiyiniz mövqe həmin otuz il ərzində bizə göstərilsəydi, indi həm regionda, həm də dünyada tamam başqa mənzərə olardı:

"Siz hiyləgər mövqe sərgilədiniz. Bu gün isə həmin mövqe fiaskoya uğradığı üçün özünüzü müdafiə taktikasını seçərək daha dərin hiyləgər siyasətə əl atırsınız. Ona görə də bu gün sizin mövqeyiniz qəbul olunmur, ikili standartlara əsaslanan yanaşma kimi qiymətləndirilir. Siz bölgədə öz siyasi maraqlarınızı haqsız addımlar və qərəzli siyasi vasitələrlə həyata keçirməyə çalışırsınız. Bu, açıq şəkildə görünür. Sizin təmsil olunduğunuz qurumlara, dövlətinizin təmsil olunduğu təşkilatlara Azərbaycan vətəndaşlarından dəfələrlə hüquqlarının bərpası ilə bağlı müraciətlər daxil olub. Niyə onda bunları araşdırıb insan hüquqlarını müdafiə etmirdiniz? Niyə terrora məruz qalmış körpələrimizi, qadınlarımızı, soyqırımına məruz qalmış xalqımızı müdafiə etmirdiniz? Çünki siz dürüst, ədalətli siyasət yürütmürsünüz. Siz bütün insani dəyərləri özünüz alçaldıb, sonra isə onları müdafiə pərdəsi altında insanları aldatmaqla məşğulsunuz".

Ramil Hüseynov deyib ki, artıq dünyanın yeni düzəni, yeni nizamı bütün maskaları açıb:

"Kimin kim olduğu bəllidir. Biz öz yolumuzla gedirik. Bu, milli maraqlara xidmət edən möhtəşəm bir yoldur. Bu yol hər kəsə lazımdır, bu yol dünya üçün vacibdir. Çünki bu yol sabitlik, sülh, dürüstlük, nizam-intizam, demokratiya və ədalət yoludur. Son qoyun bu Avropanın ikili standart siyasətinə, cənab Şvabe".

Süleyman
Xəbəri paylaş